media-alii

İyulun 14-də  Milli Məclisin  növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, bu məsələnin parlamentdə geniş müzakirə edildiyini, səsləndirilən təklif və suallara münasibət bildirildiyini söyləyib.

Qanun layihəsi xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və fəaliyyətinə nəzarətlə bağlı ictimai münasibətləri, xüsusi icra məmurlarının hüquqi statusunu tənzimləyir. Layihəyə əsasən, xüsusi icra məmuru bu Qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi almış fiziki şəxs hesab olunur. Sənəddə xüsusi icra məmurunun fəaliyyətinin hüquqi əsasları, fəaliyyət prinsipləri, habelə xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı dövlətin vəzifələrinə dair müddəalar öz əksini tapıb.

Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində,  Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Rəqabət Məcəlləsində, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edən komitə sədri Əli Hüseynli diqqətə çatdırıb ki, bu layihə “Xüsusi icra məmurları haqqında” qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlanıb və sənəddə sözügedən normativ hüquqi aktlara müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa rəhbərlik etdikləri komitələrin bu layihə barədə müsbət rəylərini diqqətə çatdırıblar.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda Komitə sədri Əli Hüseynli Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinin mahiyyəti barədə danışıb. O, məsələ barədə birinci və ikinci oxunuşda ətraflı məlumat verildiyini deyərək, dəyişikliklərin hərracların həyata keçirilməsinin daha səmərəli üsulları ilə bağlı olduğunu qeyd edib.

Qanun layihəsi icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləməni nəzərdə tutur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələyə dair rəhbərlik etdikləri komitələrin müsbət rəylərini bildirəndən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Həmçinin iclasda Əli Hüseynli, həmçinin “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, bildirib ki, layihə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı qanunvericiliyin yeni tələblərini özündə ehtiva edir.

Sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb. Təklif olunan dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Milli Məclis növbədənkənar sessiyasını uğurla başa çatdırır. O, səmərəli iş üçün deputatlara təşəkkür edib və növbədənkənar sessiyanı bağlı elan edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.


media-728x90banner

Bənzər xəbərlər