Elşad Həsənov sakinlərlə görüşdü
Yasamal rayon İcra Hakimiyyətinin başçısı, xidmət rəhbərlərindən, vətəndaş müraciətlərinin həllində daha operativ olmağı tələb etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün dekabr ayı üzrə növbəti səyyar qəbul keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayon bələdiyyəsinin akt zalında baş tutdu və iki saata yaxın davam etdi. Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər.
Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri mənzillərdə istilik sisteminin cari durumu, mənzil növbəsi, rayonda sahibsiz itlərlə mübarizə, aztəminatlı şəxslərə maddi yardım, qəzalı su borularının təmiri, mənzillərin təbii qaz ilə təchizatı, küçələrin işıqlandırılması, kommunal xidmət ödənişində köməklik və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar.
İcra başçısı Elşad Həsənov iki saatlıq qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair rayondakı qurum və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verdi və onlardan daha çevik olmağı tələb etdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.















