Əminə Ağazadə iclasda təqdim etdiyi bu qanun layihəsi qəbul olundu
İyunun 21-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Millət vəkili bildirib ki, layihə prokurorluq orqanlarında qulluq keçmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyə əsasən, prokurorluq işçilərinin qulluqda olmasının yaş həddi 60 yaşdan 65 yaşa qaldırılır və bu yaş həddinin son yaş həddi olması təklif edilir. Bu düzəlişin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq, prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.
Müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Fəzail İbrahimli öz fikirlərini və suallarını səsləndiriblər. Deputat Əminə Ağazadə qaldırılan məsələlərə münasibət bildirib.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.