Əminə Ağazadə iclasda təqdim etdiyi bu qanunda dəyişikliklər qəbul olundu
Oktyabrın 24 -də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Millət vəkili diqqətə çatdırıb ki, qanun layihəsi Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar hazırlanıb. O, dəyişikliklər barədə birinci oxunuş zamanı ətraflı məlumat verildiyini deyib və komitəyə əlavə təklifin daxil olmadığından layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Sənəddə Cinayət Məcəlləsinin “İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma” maddəsinin həm adına, həm də dispozisiyasına yeni qaydalara uyğun olaraq müvafiq dəyişikliklər təklif edilir. Bu maddədə məsuliyyətin qanunla yol verilən hallar istisna olmaqla, rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, bu cür uyğunlaşdırılmış hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə yaranacağı qeyd olunur.
Layihə ətrafında müzakirələrdə deputatlar Vüqar Bayramov, Erkin Qədirli öz fikirlərini açıqlayıblar. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, deputat Əminə Ağazadə qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.










