Əminə Ağzadənin iclasda təqdim etdiyi bu qanunda dəyişikliklər qəbul olundu
Oktyabrın 10-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə təqdim edib.
O, bildirib ki, təqdim edilən qanun layihəsi Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar hazırlanıb. Əminə Ağazadə deyib ki, yeni Rəqabət Məcəlləsinin qəbulu ilə bazarda sağlam rəqabətin təmin olunması, inhisara qarşı mübarizə və qiymətlərin optimallaşdırılması istiqamətində əvvəlki qanunvericilikdən fərqli bir sıra mühüm yeniliklərin əsası qoyulub. Yeni məcəllədə ilk dəfə olaraq şaquli və üfüqi sazişlər, hökmran mövqe, yüksək və aşağı inhisar qiymətləri, rəqabət komissiyası, rəqabət orqanı və digər anlayışlar təsbit olunub. Bununla yanaşı, bazar subyektlərinin rəqabət sahəsində vəzifə və hüquqları, rəqabəti məhdudlaşdıran sazişlər, haqsız rəqabət halları, dövlət nəzarəti tədbirləri, eləcə də qanunvericiliyin pozulmasına görə məsuliyyət mexanizmləri də müəyyənləşdirilib.
Bu səbəbdən də təqdim edilən layihə Cinayət Məcəlləsinə uyğun dəyişikliklərin edilməsini nəzərdə tutur. Təklif olunan dəyişikliklərdə Məcəllənin “İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma” maddəsinin həm adı, həm də dispozisiyası Rəqabət Məcəlləsinin müddəalarına uyğunlaşdırılıb, həmçinin xeyli, külli və xüsusilə külli miqdarda anlayışlarına da yeni tərif verilib.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.