Enerji təhlükəsizliyi və regional sabitlik naminə yeni imkanlar
2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyev görüş zamanı verdiyi bəyanatda iki tərəf arasında əməkdaşlığın strateji mahiyyətini və gələcək inkişaf perspektivlərini geniş şəkildə izah etdi. Azərbaycan son illər ərzində iqtisadi əlaqələrini şaxələndirməyə və beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirməyə nail olmuşdur. Bu kontekstdə Avropa İttifaqı ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa İttifaqının payı olduqca yüksəkdir. 2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin yarısı məhz Avropa İttifaqı ölkələri ilə əlaqəli olmuşdur. Bu fakt iqtisadi əməkdaşlığın dərinliyini və qarşılıqlı maraqların güclü olduğunu göstərir. Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir. Xəzər regionunun zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan bu resursların beynəlxalq bazarlara çıxarılması istiqamətində uğurlu siyasət həyata keçirir. Prezident İlham Əliyevin sözlərinə görə, bu gün Avropanın 16 ölkəsi Azərbaycan qazından istifadə edir. Bu ölkələrdən 10-u Avropa İttifaqının üzv dövlətləridir. Bu göstərici Azərbaycanın Avropa enerji bazarındakı rolunun nə qədər böyük olduğunu göstərir. Bu əməkdaşlığın əsasını isə Cənub Qaz Dəhlizi təşkil edir. Layihə vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılır və qitənin enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verilir. Azərbaycan enerji strategiyasını uzunmüddətli perspektivə hesablayaraq həyata keçirir. Dövlət başçısının bəyanatına əsasən, yaxın illərdə ölkənin qaz hasilatı əhəmiyyətli dərəcədə artacaq. Yeni yataqların istismara verilməsi nəticəsində yaxın iki-üç il ərzində qaz hasilatının ən azı 10 milyard kubmetr artacağı gözlənilir. Bu artım Avropa bazarına əlavə enerji resurslarının çatdırılmasına imkan yaradacaq. Azərbaycan yalnız ənənəvi enerji mənbələrinə deyil, eyni zamanda bərpaolunan enerji sektoruna da böyük diqqət yetirir. Bu istiqamətdə həyata keçirilən layihələr ölkənin enerji balansının şaxələndirilməsinə xidmət edir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın coğrafi şəraiti külək və günəş enerjisinin inkişafı üçün əlverişlidir. Xəzər dənizindəki külək potensialı və ölkədəki günəşli günlərin çoxluğu bu sahədə böyük imkanlar yaradır. Dövlət proqramlarına əsasən, yaxın illərdə Azərbaycan 6-8 giqavat gücündə bərpaolunan enerji istehsal etməyi planlaşdırır. Bu enerji yalnız daxili tələbatı ödəmək üçün deyil, həm də ixrac məqsədilə istifadə olunacaq. Prezident İlham Əliyev bəyanatında regionda yaranmış yeni siyasi reallıqlara da toxundu. Ermənistan ilə əldə olunmuş sülh razılaşması regionda sabitliyin bərqərar olunmasına yeni imkanlar yaradır. Azərbaycan artıq regionda iqtisadi əməkdaşlığın inkişafı istiqamətində konkret addımlar atmağa başlayıb. Ermənistanla ticarət əlaqələrinin qurulması, tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji məhsullarının təchizatı bu prosesin mühüm göstəriciləridir. Regional sülh həm də beynəlxalq nəqliyyat layihələrinin inkişafına müsbət təsir göstərir. Bu baxımdan Orta Dəhliz layihəsinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu marşrut Avropa ilə Asiya arasında yükdaşımaların sürətləndirilməsi və ticarət əlaqələrinin inkişafı üçün mühüm platforma rolunu oynayır. Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Enerji, ticarət, nəqliyyat və təhlükəsizlik sahələrində həyata keçirilən siyasət ölkənin qlobal əhəmiyyətini daha da artırır. Avropa İttifaqı Şurasının Prezidentinin Azərbaycana səfəri isə bu tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Qarşılıqlı etimad və strateji maraqlara əsaslanan bu əməkdaşlıq həm regionun, həm də Avropa qitəsinin inkişafına mühüm töhfə verməyə davam edəcək.
Milli Məclisin deputatı
Şahin Seyidzadə










