Enerji təhlükəsizliyində strateji baxış və real nəticələr
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası bir daha göstərdi ki, enerji məsələsi artıq təkcə iqtisadi kateqoriya deyil, dövlətlərin təhlükəsizliyi, dayanıqlılığı və gələcək inkişafı ilə birbaşa bağlı strateji sahədir. Prezident İlham Əliyevin tədbirdəki çıxışı isə Azərbaycanın son on iki ildə formalaşdırdığı enerji modelinin mahiyyətini və perspektivlərini aydın şəkildə ortaya qoydu.
Dövlət başçısı xüsusi vurğuladı ki, 12 il əvvəl başlanan bu təşəbbüsün davamlılığı artıq özünü sübut edib. Bu illər ərzində dünya müxtəlif böhranlarla, müharibələrlə, enerji şokları ilə üzləşdi. Lakin bütün mürəkkəbliklərə baxmayaraq, Azərbaycan və tərəfdaşları bir sıra ölkələrin enerji təhlükəsizliyini real təminat səviyyəsinə çatdırmağı bacardı. Bu gün artıq daha aydın görünür ki, məhz birlikdə toplaşmaq, istehsalçı, tranzit və istehlakçı ölkələrin eyni masa arxasında oturaraq məsələləri müzakirə yolu ilə həll etməsi alternativsizdir. Qarşılıqlı maraq və qarşılıqlı fayda prinsipi Cənub Qaz Dəhlizinin əsas dayaq nöqtəsinə çevrilib.
Azərbaycanın qaz ixrac coğrafiyası son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan 16 ölkəyə qaz tədarük edir və boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir. Artıq Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Almaniya və Avstriyaya tədarükün başlanması Avropa bazarında mövcudluğumuzu daha da möhkəmləndirib. Bununla yanaşı, qaz ixracı ilk dəfə olaraq Avropa hüdudlarından kənara çıxaraq Suriyaya çatdırılıb. 1,5 milyard kubmetr həcmində qaz tədarükü həmin ölkədə elektrik enerjisi qıtlığının azaldılmasına xidmət edir və regionda sosial-iqtisadi sabitliyə töhfə verir. Elektrik enerjisi olmadan inkişafın mümkün olmadığını nəzərə alsaq, bu addımın əhəmiyyəti daha aydın görünür.
Eyni zamanda, Azərbaycan üçün qaz təchizatının şaxələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məsələ yalnız istehlakçı ölkələr üçün deyil, istehsalçı ölkə kimi Azərbaycan üçün də strateji xarakter daşıyır. Qarşıdakı illərdə yeni hasilat mərhələləri planlaşdırılır. “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması, “Abşeron” yatağının tammiqyaslı işlənməsi, “Ümid” yatağının ikinci mərhələsi və 2028-ci ildə “Şahdəniz” yatağının yeni mərhələsi üzrə hasilatın startı əlavə 10–15 milyard kubmetr qaz əldə etməyə imkan verəcək. Lakin bunun üçün mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsi zəruridir. Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir və artan tələbatı qarşılamaq üçün yeni interkonnektorlar və əlavə genişləndirmə layihələri vacibdir.
Enerji strategiyasının digər mühüm istiqaməti yaşıl gündəlikdir. Azərbaycan burada da konkret nəticələr ortaya qoyur. 2023-cü ildə BƏƏ-nin “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa olunub. Cari ilin əvvəlində isə “ACWA Power” tərəfindən maliyyələşdirilən və həyata keçirilən 240 meqavat gücündə külək elektrik stansiyası istifadəyə verilib. Bir sıra layihələr icra mərhələsindədir və qarşıdakı illərdə alternativ enerji mənbələrinə əsaslanan yeni elektrik stansiyalarının açılışı gözlənilir. Bu prosesdə həm xarici investorlar, həm də SOCAR və özəl yerli şirkətlər fəal iştirak edir.
Azərbaycanın planlarına əsasən, 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi əldə olunacaq. Bu, artıq memorandum səviyyəsində niyyət deyil, imzalanmış müqavilələrə əsaslanan real hədəfdir. Məqsəd daxili bazarda elektrik istehsalında təbii qazın payını azaltmaq, qazı ixrac üçün daha çox yönəltmək və artan iqtisadiyyatın – o cümlədən kommunikasiya, süni intellekt və data mərkəzləri kimi sahələrin – enerji tələbatını təmin etməkdir. Qara dənizin dibi ilə Avropaya uzanacaq enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələcək enerji xətti kimi layihələr isə ölkəmizi daha geniş enerji və bağlantı şəbəkəsinin mühüm həlqəsinə çevirəcək.
Prezident İlham Əliyev çıxışında mühüm bir məqama da toxundu: iqlim dəyişiklikləri ilə mübarizə vacibdir, lakin bu məsələyə ideoloji deyil, praqmatik və realist yanaşma tələb olunur. Azərbaycan 100 illik qaz ehtiyatlarına malik olsa da, paralel şəkildə bərpaolunan enerjiyə milyardlarla sərmayə yatırır. Qazıntı yanacağı ilə yaşıl enerjinin vəhdəti balanslı və məsuliyyətli yanaşmanın nümunəsidir. Planetin təmiz və təhlükəsiz olması hamının arzusudur, lakin real ehtiyaclar və mövcud enerji tələbatı nəzərə alınmadan qərar qəbul etmək mümkün deyil.
Azərbaycan eyni zamanda etibarlı tranzit ölkə rolunu gücləndirir. Qazaxıstan və Türkmənistan neftinin tranziti artır və ölkəmizin infrastrukturu Xəzərin şərq sahillərindən daha çox həcmi qəbul etməyə imkan verir. Bundan əlavə, Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının əldə olunması, Serbiyada 500 meqavatlıq stansiyanın inşasına dair müqavilə, İtaliyada ümumi 10 milyon ton emal gücünə malik iki neftayırma müəssisəsinin alınması və Egey sahillərindəki 12 milyon tonluq müəssisə ilə birlikdə Aralıq və Egey hövzəsində 22 milyon tonluq emal potensialının formalaşması Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsinin artıq regional çərçivəni aşdığını göstərir.
Bütün bu faktlar onu deməyə əsas verir ki, Azərbaycan enerji siyasətində həm qaz, həm də yaşıl enerji istiqamətində paralel və balanslı inkişaf modeli qurub. Bu model qarşılıqlı etimad, şaxələndirmə və real iqtisadi hesablamalara əsaslanır. Prezident İlham Əliyevin çıxışı isə göstərdi ki, Azərbaycan enerji təhlükəsizliyinə yalnız resurs təminatçısı kimi deyil, strateji düşünən və məsuliyyətli tərəfdaş kimi yanaşır və qarşıdakı illərdə bu xətt daha da möhkəmlənəcək.
Ülviyyə Həmzəyeva
Millət vəkili










