Naxçıvan Muxtar Respublikasının (MR) Tibb Müəssisələrinin İdarəetmə Birliyi “Epidbioemd” MMC ilə satınalma müqaviləsi imzalayacaq. 
Qaynarinfo-nun məlumatına görə,adıçəkilən şirkət Naxçıvan MR Perinatal Mərkəzi üçün dərman preparatlarının satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib. Alınacaq dərman preparatlarına görə “Epidbiomed” MMC-yə 138 006,19 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Epidbiomed” MMC 6 yanvar 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6-da yerləşən şirkətin qanuni təmsilçisi Əliyev Məmməd Əli Sabir oğludur.
Məmməd Əli Əliyevin “Epibiomed” MMC-nin təsisçisi Namiq Əliyevin qardaşı olduğu bildirilir.
“Epidbiomed” MMC 2018-cı ildə dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı başlanmış cinayət işi ilə gündəmə gəlib. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyəri olanç19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal etmişlər.
Məlumatda həmçinin qeyd olunur ki, “Epidbiomed” MMC-nin rəhbərliyi barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılıb. Açıq mənbələrdə məhkəmə istintaqının nəticəsi barədə məlumat yoxdur.

media-728x90banner

Bənzər xəbərlər