“Erməni kilsəsi Ukrayna ərazisində işğalçı müharibəni dəstəkləyir” – Jalə Əliyeva
Son iki ilin ən böyük siyasi-hərbi hadisəsi mübahisəsiz olaraq Rusiya – Ukrayna müharibəsi sayılır. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) ekspertləri Rusiya-Ukrayna müharibəsinin başlandığı 24 fevral 2022-ci il tarixindən etibarən 2023-cü il fevralın 21-nə qədər, yəni təxminən bir illik dövr ərzində Ukraynada müharibə nəticəsində azı 8006 nəfər dinc sakinin həlak olduğunu, 13287 nəfərin isə yaralandığını, təxminən 14 milyon insanın öz evlərini tərk etmək məcburiyyətində qaldığını yazırlar. Əlbəttə ki, bu statistikanı hətta oxumaq belə 30 illik erməni işğalı nəticədində torpaqlarının 20 faizi darmadağın olmuş, əhalisinin 1 milyonundan çoxu doğma ata baba yurdlarından didərgin düşmüş, 10 minlərlə insan itkisi vermiş Azərbaycan xalqının bir nümayəndəsi olaraq çətindir.
Azərbaycanın haqq savaşı 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin dəmir yumruğu, siyasi və hərbi gücü, Vətənin mərd oğullarının qəhrəmanlığı, ordu, xalq və dövlət birliyi sayəsində parlaq Zəfər ilə nəticələndi. XX əsrin 80-ci illərinin sonları – 90-cı illərinin əvvəllərində Ermənistanın ölkəmizə qarşı başladığı hərbi təcavüzə son qoyuldu.
Lakin təəssüflər olsun ki, tarix fərqli talelərə münasibətdə eyni qəddarlıqda təzahür edir. Erməni vandalları hələ də siyasi və hərbi proseslərdə təcavüzkarlıq siyasətlərini davam etdirirlər və bu mövqe Rusiya-Ukrayna müharibəsində açıq-aşkar görünür.
Belə ki, “Ukrainskaya Pravda” qəzetinin 4 iyul tarixli sayında “Erməni batalyonunun Moskvada müharibəyə qatılmaq üçün xeyir-dua aldığı tədbirdə Avromeydan hadisələrində iğtişaşlar törədən qrupun təşkilatçısı iştirak etmişdir” adlı məqalə dərc olunmuşdur.
Məqalədə bildirilir ki, Moskvada Erməni Apostol Kilsəsində yeni yaradılmış “ARBAT” adlı erməni batalyonunun Donbasda döyüşlərdə iştirak etməsi üçün xeyir-dua tədbiri keçirilmişdir. Erməni batalyonu döyüşlərdə Ermənistan bayrağı altında vuruşacaq.
Əslində erməni könüllü batalyonlarının Ukraynanın işğal olunmuş ərazilərində yerləşməsi və erməni kilsəsinin bu prosesə önayaq olaraq, dinc Ukrayna əhalisini qırmağa yollanan terrorçuların təşkilatlanmasında iştirak etməsi vandal erməni xislətinə heç də yad olan addım deyildir. Ortada təkzibedilməz fakt vardır. Erməni kilsəsi Ukrayna ərazisində işğalçı müharibəni dəstəkləyir və “Arbat” erməni könüllü batalyonunun Ukraynaya yola salınması bu işğalçı müharibəyə dəstək olan erməni terrorizminin, təcavüzünün yeni bir təzahürüdür.
Bu faktlar ermənilərin ikili standartlarını, dinc Ukrayna əhalisinə qarşı soyqırımlarda iştirak etmək məqsədini bir daha açıq-aydın ortaya qoyur. Ermənistanın bu son addımı durmadan insan amilini, humanizm dəyərlərini önə çəkən Beynəlxalq təşkilatların, Qərbin demokratiya institutlarının və bütövlükdə dünya ölkələrinin müvafiq sərt reaksiyasını zəruri edir.
Eyni zamanda bunu da xatırlatmaq yerinə düşər ki, beynəlxalq sülhyaratma və sülhü qoruma prosesindəki əhəmiyyətli rolu ilə seçilən Azərbaycan Respublikası Rusiya-Ukrayna müharibəsində də prosesin siyasi-diplomatik yollarla, danışıqlar vasitəsilə həll edilməsinin zərurətini dəfələrlə bəyan etmiş, ötən dövr ərzində Ukraynaya humanitar yardımlar göstərmişdir. Sözügedən müharibəyə və hadisələrin gedişatına münasibətdə iki ölkənin – Azərbaycanın və Ermənistanın rolu, yeri və mövqeyi tamamilə fərqlidir. Bir tərəfdə sülhə, əmin-amanlığa, humanizmə, ədalət prinsipinə, beynəlxalq hüquq normalarına sadiq olan Azərbaycan, digər tərəfdə yenə də işğalçı, təcavüzkar vandal, separatçı, qaniçən Ermənistan və erməni xisləti var.
Jalə Əliyeva
Millət vəkili
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini










