“Erməni lobbisi ilə əməkdaşlıq edən xeyli konqresmen və senatorlar mövcuddur” – Deputat
“Müşahidələr deməyə əsas verir ki, ABŞ qanunverici hakimiyyəti özünün əsl fəaliyyət istiqamətindən daha çox lobbi maraqlarının həyata keçirildiyi mərkəzə çevrilməkdədir. O cümlədən də erməni lobbisi ilə əməkdaşlıq edən xeyli sayda konqresmen və senatorlar mövcuddur. Sual yaranır, ermənilər ABŞ-də seçkilər zamanı həlledici gücdürmü? Təbii ki, xeyr, ermənilər ən sıx yaşadıqları regionlarda belə səs hüquqları baxımdan, ümumiyyətlə, təsirsizdirlər. Belə olan halda lobbiçiliyin yalnız bir məqsədlə, maddi maraq naminə həyata həyata keçirilməsi mümkündür. Elə ABŞ mediasında senator və konqressmenlər, habelə onların ailə üzvləri ilə bağlı, çoxsaylı davamlı maliyyə qalmaqalları real durumu bir daha üzə çıxarır”. Bu sözləri millət vəkili Bəhruz Məhərrəmov deyib.
Deputat sözlərinə davam edərək bildirib ki, senator Bil Kesidinin də Azərbaycanın Qarabağı “blokadaya alması” barədə bəyanatı, Roma Statutunun 7-ci maddəsinə istinad edərək “Azərbaycanı yeməkdən silah kimi istifadə etməklə, insanlığa qarşı cinayət törətməkdə” ittiham etməsi muzd qarşılığında fəaliyyətdən başqa bir şey deyil: “Bil Kesidi üçün Roma Statutu önəmlidirsə, öncə ABŞ dövlətinin özünə çağırışlar etməli, İraq, Əfqanıstan, Suriyada yaşanan çoxsaylı cinayətlərdən başlamalıdır. Yaxud bu muzdlu siyasətçinin bir gecədə 613 müdafiəsiz insanın məhz azərbaycanlı olduğuna görə işgəncə ilə öldürülməsində ehtiva olunan Xocalı soyqırımını görməzdən gələrək Roma Statutuna istinad etməsi riyakarlıq, 30 il davam edən işğal və təcavüzə göz yumub bu gün separatizmə dəstək vermək mənəviyyatsızlıqdır.
Əslində bu kimi siyasi mövqe tutaraq bölgədə sülh və təhlükəsizliyə zərbə vurmaqla Bil Kesidi özü beynəlxalq hüquqa zərbə vurur, Qarabağın erməni sakinlərində yanlış eyforiya yaradaraq onları məhvə sürükləyir”.










