Ermənistan Yaxın Şərqdəki siyasi kataklizmlərdən narahatdır
“Suriyada Bəşər Əsəd rejiminin devrilməsi təkcə bu ölkənin taleyinə deyil, bütövlükdə Yaxın Şərqdə bir çox proseslərə ciddi təsir göstərmək potensialına malikdir. Bunu proqnozlaşdırmaq artıq mümkündür”.
Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat bildirib ki, Əsəd rejimi devrildikdən sonra Cənubi Qafqaz və bu regionda Ermənistanla bağlı məsələlər də diqqətdən yayınmır. Çünki bu rejim ilə Ermənistanın sıx əlaqələri olduğu bəllidir. Suriyada çox güclü erməni lobbi və diasporunun olduğu həqiqətdir. Ermənilər ABŞ-də, Fransada, Yaxın Şərqdə isə Suriya və Livanda kifayət qədər güclü mövqeyə malikdirlər. “Ermənistan hakimiyyətinin Azərbaycana qarşı qeyri-qanuni davranışlarından biri də məhz Suriya və Livandan köçürdükləri ermənilərin vaxtilə torpaqlarımızda məskunlaşma siyasəti olub. Suriyadan ermənilərin köçürülməsi və məqsədyönlü şəkildə Qarabağa gətirilməsi və yerləşdirilməsində Bəşər Əsədin xeyir-duası olduğu mütləqdir. Bu baxımdan Bəşər Əsədin hakimiyyətdən getməsinə ən çox narahat olan tərəflərdən biri də Suriyadakı erməni lobbisi və diasporu, eyni zamanda Ermənistandakı bununla əlaqəli olan siyasi hakimiyyətdir”, – deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, bu gün Paşinyan hakimiyyəti Yaxın Şərqdəki siyasi kataklizmlərdən narahatdır, çünki bu proseslərin dalğası Ermənistana təsirsiz ötüşmür. Ona görə də Ermənistandakı siyasi hərbi hakimiyyət ağlını başına yığmalı, vəziyyətdən nəticə çıxarmalıdır.
Erməniləri narahat edən digər məsələnin Suriyada baş verən son hadisələr fonunda Türkiyənin mövqeyinin güclənməsidir. Bunu qeyd edən deputat bildirib ki, post-Bəşər dövrü proseslərində Türkiyənin əsas güc sahiblərindən olduğu heç kəsə sirr deyil: “Bu reallıqlar da ermənilərin yuxusuna haram qatan məsələyə çevrilib. Ona görə də Ermənistan sürətli silahlanmadan imtina etməli, papağını qarşısına qoyub düşünməlidir. Anlamalıdır ki, Azərbaycanla hərbi ritorika dilində danışmaq mənasızdır. Sürətlə silahlanma müharibəyə gətirib çıxara bilər ki, bu da Ermənistan üçün siyasi intihardır”.
E.Nəsirov vurğulayıb ki, baş verən bu proseslər fonunda Ermənistan sülhə daha çox can atmalı və Azərbaycanla sülh müqaviləsini imzalamalıdır.










