Ermənistanda gərginlik-Sərhədlər bağlandı
Ermənistan-Gürcüstan sərhədindəki “Bavra”, “Baqrataşen” və “Qoqavan” sərhəd-keçid məntəqələrinə gedən yollar yük maşını sürücüləri tərəfindən bağlanıb.
XALQ yerli teleqram kanallarına istinadla xəbər verir ki, buna səbəb sürücülərin Rusiya ərazisində qalma müddəti ilə bağlı tətbiq edilən məhdudiyyətlərə olan etirazıdır.
Onlar bildiriblər ki, hazırkı qaydalara əsasən, Rusiya ərazisində il ərzində yalnız 90 gün qalmağa icazə verilir və bu müddətin uzadılmaması yükdaşıma fəaliyyətinə ciddi təsir göstərir.
Etirazçılar daha əvvəl hökumət binası qarşısında keçirilən aksiya zamanı yaradılan nümayəndə heyətinin görüşündən narazı qalıblar. Sürücülər bəyan ediblər ki, tələbləri yerinə yetirilməyincə xarici yük maşınlarının keçidinə icazə verməyəcəklər.
Hazırda sərhədin Ermənistan istiqamətlərində gərginlik davam edir.
***
Ermənistanla Gürcüstan sərhədində yerləşən “Baqrataşen”, “Bavra” və “Qoqavan” sərhəd-keçid məntəqələrində nəqliyyatın hərəkəti bərpa edilib.
XALQ “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarqsyan təsdiqləyib.
O bildirib ki, bütün keçid məntəqələrində vəziyyət normallaşıb və yollar artıq açıqdır.
Xatırladaq ki, bu gün yük maşını sürücüləri Rusiya ilə bağlı yeni 90 günlük qalma məhdudiyyətinə etiraz olaraq bu məntəqələrə gedən yolları bağlamışdılar. Sürücülər qaydanın ləğvini və Ermənistan hökumətinin məsələni Rusiya tərəfi ilə müzakirə etməsini tələb edirdilər.
Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan etirazçılarla görüş zamanı hökumətin məsələ üzərində fəal şəkildə çalışdığını bildirmişdi.