Ermənistanda məktəblərdə azərbaycan dili dərsi tədris olunacaq
Ermənistanda 2025/2026-cı tədris ilindən etibarən üç məktəbdə Azərbaycan dili fənni tədris olunacaq.
XALQ bu barədə yerli media Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə istinadən məlumat yayıb.
Proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olaraq tətbiq ediləcək.
Qeyd edilib ki, bu təşəbbüs hökumət qərarları ilə təsdiq edilmiş 2021-2026-cı illər üçün dövlət təhsil proqramı çərçivəsində həyata keçirilir. Proqram rus, ingilis, fransız və qonşu ölkələrin dilləri də daxil olmaqla, xarici və regional dillərin tədrisinin genişləndirilməsini nəzərdə tutur.
Vurğulanıb ki, regional dillər 2022-2023-cü tədris ilində erməni məktəblərində üçüncü xarici dil və ya dərsdənkənar fənn kimi tədris olunmağa başlanıb. O dövrdə proqram Ermənistandakı 33 məktəbdə mövcud olub: 13-ü fars dili, 13-ü türk dili, 4-ü Azərbaycan dili, 3-ü isə gürcü dili tədris edib.
Yeni proqramın məqsədi region ölkələrinin dillərinə marağı artırmaq və şagirdlərə əlavə bilik imkanları yaratmaqdır.










