Etibar Əliyev: “Azərbaycanın beynəlxalq ələmdə, siyasi və iqtisadi nizamın yaradılması əməkdaşlığı”
Etibar Əliyev,
millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru
Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “ŞƏT plyus” formatında keçirilən “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan Zirvə görüşündəki çıxışı yeni çağırışlarla zəngindir.
Qeyd edim ki, Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Dövlətimizin başçısının uzaqgörən siyasəti bu zirvə görüşündə də özünü bir daha göstərdi. Azərbaycanda sivilizasiyalararası dialoqa xidmət edən Humanitar Forumların keçirilməsi, multikulturalizm paradimasının elmi tədqiqatı və populyarlaşdırılması, Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunması buna sübutdur.
2002-ci ilin Sammitində ŞƏT -in Xartiyası imzalanıb. Nizamnamə sənədində əsas məqsədlər müəyyənləşdirilib. Məqsədlərə daxildir:
– Tərəflər arasında qarşılıqlı inamın və iştirakçı dövlətlər arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi;
– İştirakçı dövlətlərin effektiv əməkdaşlığı: siyasi, ticarət-iqtisadi, elmi – texniki, mədəni sahələrdə, həmçinin təhsil sahəsində, energetika, nəqliyyat, turizm, ətraf mühitin mühafizəsi, sülhün birgə təminatı və dəstəklənməsi, regionda sabitlik və təhlükəsizlik, demokratik, ədalətli və yeni beynəlxalq, siyasi və iqtisadi nizamın yaradılması.
Bütün bunlar Şanxay Əməkdaşlıq Təşkilatının mötəbərliyindən xəbər verir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev toplantı iştirakçılarının diqqətinə haqq işimizin mahiyyətini çatdırdı: “2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi”. Prezident İlham Əliyev çıxışında ölkəmizdə keçiriləcək COP29-a yeni məzmun verdi. İnkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələrin yaxınlaşması bəşəriyyəti düşündürən kontentdir: “Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.” Prezident İlham Əliyevin tədbirdə vurğuladığı “ekzistensional təhlükə” anlayışı çağımız üçün hər zaman aktualdır. Bu anlayışın fövqündə dayanan təşəbbüs isə möhtəşəmdir: “Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib”.
Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi bütün tədbirlərdəki çıxışı onun intellektual, bəşəriyyətin gələcəyini düşünən liderliyini təsdiqləyib. Dünyanın yeni sözə və optimizmə köklənən hərəkətlərə ehtiyacı var. Uzun illər terrorizm, ekstremizm və separatizm ilə üzləşən Azərbaycan xalqı çətin də olsa bu amanasız təhlükələrdən xilas oldu.
Dahi Hüseyn Cavidin hikmətli misralarını xatırladım:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.










