Azərbaycan xalqı olaraq 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsindəyik. Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Vətən müharibəsi və Qarabağda antiterror tədbirləri zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu.
Azərbaycan xalqı olaraq hər zaman çətin anlarda birlik və həmrəylik nümayiş etdirmişik. “Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə Aktauda qəzaya uğraması, qəza nəticəsində insan itkisinin olması hər birimizi kədərləndirir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində baş vermiş bu faciə ilə bağlı da bütün xalqımız həmrəydir, bu ağrı-acı hamımızın acısıdır.
Bu faciə ilə əlaqədar ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların da birgə bəyanat imzalayaraq eyni mövqe ifadə etməsi də təqdirəlayiq addımdır və bu, taleyüklü məsələlərdə siyasi baxışlarından asılı olmayaraq siyasi qüvvələrin həmrəyliyinin və dövlətimizə siyasi dəstəyinin göstəricisidir.
Lakin hazırda dünyada, o cümlədən yaxın regionlarımızda baş verən mürəkkəb proseslər, sabitliyə təhdidlər bütün dünya azərbaycanlılarının həmrəyliyini, haqq-ədalət uğrunda mübarizəmizi daha da mətinləşdirməyi zəruri edir. Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında milli birlik və həmrəyliyimizin gücləndirilməsinin vacibliyinə diqqət çəkir. Biz bu il ərzində də cənab İlham Əliyevin timsalında bütün dünya azərbaycanlılarının haqlarını qoruyan, onları bağrına basan güclü Lider gördük. Dövlətimizin başçısı bütün beynəlxalq platformalarda azərbaycanlılarının haqlarını qətiyyətlə qoruyur. Cənab Prezidentin bütün soydaşlarımızın haqlarını qətiyyətlə qorumaq əzmi hər bir azərbaycanlıda sonsuz iftixar hissi yaradır. Biz qürur duyuruq ki, bütün dünya azərbaycanlılarının cənab İlham Əliyev kimi Lideri var! Bu gün bütün dünya günü gündən güclənən Azərbaycanı görür və bu amil əminlik yaradır ki, Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin liderliyi ilə bütün hədəflərinə nail olacaq!
Təbii ki, bu prosesdə bütün soydaşlarımız birlik və həmrəyliyini daha da gücləndirməlidir. İnanırıq ki, hər bir azərbaycanlı bu müqəddəs yolda özünün töhfələrini verəcək.

Mən başda möhtərəm cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva olmaqla hər birinizi qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram. Ümidvaram ki, qarşıdan gələn 2025-ci il də ölkəmiz üçün düşərli olacaq və il ərzində qarşıya qoyulan milli hədəflərimizə nail olacağıq!

Fatma Yıldırım

Millət vəkili


media-728x90banner

Bənzər xəbərlər