Fəzail İbrahimli seçicilərlə görüşdü
Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, professor Fəzail İbrahimli Masallı rayonunda növbəti vətəndaş qəbulunu keçirib.
XALQ.AZ xəbər verir ki, ilk öncə millət vəkili kənd sakinləri ilə birlikdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əhədov Elşad Saday oğlunun Təzə Alvadı kəndində ucaldılmış abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoydular.
Vətəndaş qəbulunda Təzə Alvadı inzibati ərazi dairəsinə daxil olan Təzə Alvadı, Naşəkənarı və Əhmədli kəndlərinin sakinləri iştirak edirdilər.
Ümumi qaydada keçən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı təklif, şikayət və müraciətləri dinlənildi. Bir sıra məsələlər yerində həll edildi. Digər problemlərin həlli ilə bağlı qanunvericiliyə uyğun olaraq aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı və müraciətlərin həlli istiqamətində qanunvericilik çərcivəsində bütün addımların atılacağı vətəndaşların nəzərinə çatdırıldı.














