Gələcəyə yönəlmiş strateji baxış …
Azərbaycan idmançılarının beynəlxalq arenalarda əldə etdikləri uğur və nailiyyətlər dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. Aprelin 30-da Prezident İlham Əliyevin Avropa çempionatında yüksək nəticəyə imza atan güləşçilərimizlə keçirdiyi görüş də bunu bir daha sübut etdi. Dövlət başçısı qəbul zamanı etdiyi çıxışında milli komandanın uğurunu təkcə idman hadisəsi kimi deyil, ümumxalq sevincinə çevrilən mühüm nailiyyət kimi dəyərləndirdi. Bu yanaşma təsadüfi deyil, çünki müasir dövrdə idman artıq milli nüfuzun formalaşmasında mühüm rol oynayan vasitələrdən birinə çevrilib.”
Bunları millət vəkili Göydəniz Qəhrəmanov mətbuata verdiyi açıqlamasında deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi fikirlər Azərbaycan idmançılarının yalnız fiziki hazırlıq deyil, həm də psixoloji dayanıqlıq və peşəkarlıq baxımından yüksək səviyyədə olduğunu göstərir: “Avropa çempionatında komanda hesabında uğur əldə etmək gərgin rəqabət şəraitində mümkün olub. Dövlət başçısının yarışları şəxsən izləməsi və idmançıların ədalətli mübarizədə qələbə qazandığını qeyd etməsi isə bu uğurun obyektivliyini və dəyərini daha da artırır. Çıxışda diqqət çəkən əsas məqamlardan biri də Azərbaycan güləşinin tarixi ənənələrinə verilən önəm idi. Prezident İlham Əliyev bu ənənələrin yaşadıldığını və yeni nəsil tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğuladı. Bu, idmanın təkcə bugünkü nəticələr üzərində deyil, həm də uzunmüddətli inkişaf modeli üzərində qurulduğunu təsdiqləyir. Gənc güləşçilərin uğurları seleksiya və hazırlıq sisteminin düzgün qurulduğunu göstərən əsas indikator kimi təqdim olunur. Digər mühüm məqam isə idmanın cəmiyyətə təsiri ilə bağlıdır. Dövlət başçısının qeyd etdiyi kimi, hər dəfə Azərbaycan bayrağı beynəlxalq arenada ucaldıqda bu, bütün xalqda qürur hissi yaradır. Öz növbəsində bu hal isə idmanın sosial və ideoloji funksiyasını ön plana çıxarır. İdman uğurları gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır və cəmiyyətin birliyini gücləndirir. Beləliklə, Ölkə Prezidentinin idmançılarla keçirdiyi görüş yalnız qələbənin qeyd olunması deyil, həm də Azərbaycanın idman siyasətinin əsas istiqamətlərinin aydın ifadəsi kimi qiymətləndirilə bilər. Burada həm ənənə, həm müasirlik, həm də gələcəyə yönəlmiş strateji baxış öz əksini tapır” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini başa çatdırıb.











