media-911
Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən mərasimdə geniş məzmunlu çıxış etmişdir. Ölkə rəhbərinin nitqi elmin, texnologiyanın, iqtisadiyyatın, dövlət siyasətinin və milli-mənəvi dəyərlərin qarşılıqlı əlaqəsini əhatə edərək, ölkənin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoymuşdur.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan elmi son 80 ildə böyük inkişaf yolu keçmiş, cəmiyyətin intellektual dayağını formalaşdırmışdır. “Müxtəlif dövrlərdə ictimai-siyasi şərait fərqli olsa da, Azərbaycan elminə hər zaman diqqət və qayğı göstərilmişdir,” – deyə dövlətimizin başçısı vurğulamışdır. O, xüsusilə Ulu Öndər Heydər Əliyevin elmin inkişafına verdiyi misilsiz töhfələri xatırladaraq, həmin dövrdə yaradılan elmi institutların bu gün də milli intellektual həyatın əsas sütunlarından biri olduğunu bildirmişdir.
Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, müasir dövrdə ölkələrin inkişafını təbii sərvətlər deyil, onların intellektual potensialı və texnoloji gücü müəyyən edir. Dövlətimizin başçısı süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik sahələrinin Azərbaycanın gələcək strategiyasında prioritet yer tutduğunu qeyd etmişdir: “Azərbaycan alimləri bu proseslərdə fəal iştirak etməlidirlər. Elm təkcə nəzəri sahə deyil, iqtisadiyyatın real sektorunda da tətbiqini tapmalıdır.”
Ölkə rəhbəri bildirib ki, rəqəmsallaşma və texnoloji islahatlar artıq konkret nəticələr verir, kibertəhlükəsizlik istiqamətində beynəlxalq əməkdaşlıq genişlənir. Bu, Azərbaycanın gələcəkdə yüksək texnologiyalar mərkəzinə çevrilməsi yolunda atılan mühüm addımdır.
Prezident İlham Əliyev Azərbaycanın hərbi sənaye kompleksində elmi potensialın roluna da toxunmuşdur. O vurğulamışdır ki, bir çox hərbi təyinatlı məhsullar artıq ölkəmizdə istehsal olunur və ixrac edilir. Xüsusilə pilotsuz uçuş aparatlarının istehsalında Azərbaycanın regionda öncül mövqeyə sahib olduğu qeyd edilmişdir. “Bu sahədə də elmi imkanlardan maksimum istifadə edilməlidir,” deyə dövlətimizin başçısı bildirmişdir.
Prezident İlham Əliyev iqtisadi siyasətin elmlə sinxron şəkildə inkişaf etdiyini vurğulamışdır. O, qeyd etmişdir ki, Azərbaycanın iqtisadiyyatı sağlam əsaslar üzərində qurulub, qeyri-neft sektoru dinamik şəkildə genişlənir, valyuta ehtiyatları 80 milyard dollardan artıqdır, xarici borc isə çox aşağı səviyyədə saxlanılır. Eyni zamanda, dövlətimizin başçısı bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrin ölkənin gələcəyini müəyyən edən strateji istiqamət kimi dəyərləndirildiyini bildirmişdir. Külək, günəş və su elektrik stansiyalarının inşasının Qarabağ və Şərqi Zəngəzurda sürətlə davam etdiyi, bu bölgələrin “yaşıl enerji zonası”na çevrildiyi vurğulanmışdır.
Prezident İlham Əliyev çıxışında tarix və milli kimlik məsələlərinə də geniş yer ayırmışdır. Ölkə rəhbəri Ermənistanla bağlı tarixi faktların təhrif edilməsinə qarşı elmi əsaslarla mübarizənin vacibliyini qeyd edərək bildirmişdir: “Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistanı qorxutmamalıdır. Biz tarixi torpaqlarımıza tanklarla yox, avtomobillərlə qayıtmalıyıq.” Bu fikirlər alimlərin tariximizin obyektiv tədqiqinə və beynəlxalq miqyasda düzgün təbliğinə yönəlmiş çağırış kimi səslənmişdir.
Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunmasının milli məsələ olduğunu da xüsusi vurğulamışdır: “Əgər biz öz dilimizi təmiz və saf saxlamasaq, milli kimliyimizi itirə bilərik.” Dövlətimizin başçısı dilin millətin ruhunu əks etdirdiyini və hər bir vətəndaşın bu məsuliyyəti daşıdığını qeyd etmişdir.
Prezident İlham Əliyev çıxışının sonunda Azərbaycanın tarixi Qələbəsinin beşinci ildönümünün qeyd olunacağını xatırladaraq, Azadlıq meydanında keçiriləcək hərbi paradın dövlətçiliyimizin gücünü və xalqın birliyini təcəssüm etdirəcəyini bildirmişdir. “Azərbaycan xalqı bu Şanlı Zəfərlə hər zaman fəxr edəcək,” deyə ölkə rəhbəri vurğulamışdır.
Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı bir daha göstərdi ki, Azərbaycan dövləti elmə, texnologiyaya, milli kimliyə və tarixə böyük önəm verir.
Bu nitqdə həm keçmişin təcrübəsi, həm bu günün reallığı, həm də gələcəyin istiqamətləri aydın şəkildə ifadə olunmuşdur.
Azərbaycan elmi qarşısında duran yeni vəzifələr – texnoloji inkişaf, süni intellekt, enerji təhlükəsizliyi, milli kimliyin qorunması və tarixi həqiqətlərin müdafiəsi, ölkənin sabahına yönəlik strateji hədəflər kimi müəyyən edilmişdir.
media-ulvi
Ülviyyə Həmzəyeva,
YAP idarə Heyətinin üzvü,
Milli Məclisin deputatı.

media-728x90banner

Bənzər xəbərlər