Gənclərlə bağlı çağırış
“Son dövrlər bəzi gənclərin, xanım tələbələrin geyimlərinin universitetə uyğun gəlmədiyini görürük. Bir sıra hallarda mentalitetimizə, qayda-qanunlara əməl olunmur. Bu da öz növbəsində ciddi narazılıq yaradır, insanlar tərəfindən birmənalı qarşılanmır. Hesab edirəm, qız tələbələrimiz bu məsələlərdə diqqətli olmalıdırlar. Çalışmalıdırlar ki, ali məktəbə səliqəli geyimdə getsinlər. Bütün hallarda, universitet sistemində geyimlərə önəm verilməsi çox vacibdir. Sanki bəziləri ali məktəblə çimərliyi səhv salıblar. Ya da evdən çıxarkən hansı paltarı tapıblarsa, onu geyinib ali məktəbə və ya işə gəlirlər. Mental qaydalarımız var, insanlar bunu qorumalıdırlar. Çox önəmli məsələdir”.
Bunu açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, universitetlərdə vahid geyim formasının tətbiq olunması ilə bağlı təklif nəzərdən keçirilə bilər: “Ən pis halda, vahid geyim forması olmasa belə, tələbələrin geyiminə nəzarət gücləndirilməlidir. Universitetlər tərəfindən hansısa addım atılanda cəmiyyətdə çox sərt reaksiyaları görürük. Universitetə “şortik”lə, qısa ətəklə gəlmək düzgün deyil. Bu qaydaları tələbələr mütləq gözləməli və əməl etməlidirlər. O formada universitetə gəlinirsə, etirazların olması, müəyyən məhdudiyyətlərin tətbiqi təbiidir. Çünki bu, bir sıra hallarda gənclərin də düşüncəsinə, psixologiyasına təsir edir”.











