media-80

Bu gün Xankəndi şəhərində “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib.

XALQ xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müvafiq xidmət rəhbərləri, həmçinin fəxri qonaq qismində Macarıstandan olan nümayəndə iştirak edib.

Tədbiri açıq elan edən Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirdikdən sonra plenar iclasın mövzusu ilə bağlı geniş nitqlə çıxış edib. Müasir dövrdə beynəlxalq sabitliyə çoxsaylı təhdidlərin dünyanın nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini və türk dövlətlərinin önəmli nəqliyyat şəbəkələrinin üzərində yerləşdiyini qeyd edən Xidmət rəisi bildirib ki, həmin nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunması üçün sözügedən ölkələr arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin davamlı şəkildə möhkəmləndirilməsi, birgə səylərin hər zaman səfərbər edilməsi, məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir.

General-polkovnik beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz fəaliyyətinin təminatında, onların beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və sair mənfi təzahürlü hallardan qorunmasında xüsusi xidmət orqanlarının oynadığı roldan da ətraflı söhbət açıb.

Vurğulanıb ki, Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneçilik törətməyə çalışır və bu amil göstərilən istiqamətdə təhlükəsizliyin etibarlı təmin olunmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyur.

Daha sonra tədbir digər iştirakçıların çıxışları və qarşılıqlı müzakirələrlə davam edib, sonda plenar iclasın yekun sənədi imzalanıb.

 




media-728x90banner

Bənzər xəbərlər