Geosiyasi transformasiya fonunda strateji baxış
Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Qlobal güc mərkəzləri arasında rəqabətin artması, regional münaqişələrin yeni mərhələyə keçməsi, enerji və nəqliyyat marşrutlarının yenidən formalaşması fonunda Avropa məkanında yeni əməkdaşlıq platformalarına ehtiyac yaranmışdır. Məhz belə bir şəraitdə yaradılan “Avropa Siyasi Birliyi” təşəbbüsü Avropa qitəsində siyasi dialoqun genişləndirilməsi, ortaq çağırışlara birgə cavab verilməsi və yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu platformada Prezident İlham Əliyevin 2026-cı il 4 may tarixində videobağlantı vasitəsilə çıxışı Azərbaycanın geosiyasi mövqeyinin, strateji baxışının və regional proseslərə yanaşmasının dolğun ifadəsi kimi xüsusi diqqət çəkir. Çıxış yalnız cari siyasi vəziyyətə münasibət bildirmək deyil, həm də Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını və beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi aydın şəkildə ortaya qoyur. Azərbaycanın “Avropa Siyasi Birliyi” çərçivəsində fəal iştirakı ölkənin Avropa ilə münasibətlərində yeni mərhələnin başlanğıcını göstərir. Bu platforma klassik inteqrasiya mexanizmlərindən fərqli olaraq daha çevik və inklüziv xarakter daşıyır. Azərbaycan kimi müstəqil və balanslı xarici siyasət yürüdən dövlət üçün belə platformalar öz mövqeyini sərbəst ifadə etmək və müxtəlif tərəfdaşlarla əməkdaşlığı genişləndirmək baxımından əlverişli imkan yaradır.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məsələlərdən biri Azərbaycanın 2028-ci ildə Zirvə görüşünə ev sahibliyi etməsi təşəbbüsünün qəbul olunmasıdır. Bu qərar ölkənin beynəlxalq nüfuzunun artmasının bariz göstəricisidir. Azərbaycanın belə bir mühüm tədbirə ev sahibliyi etməsi onun yalnız regionda deyil, bütövlükdə Avropa siyasi məkanında etibarlı tərəfdaş kimi qəbul olunduğunu təsdiqləyir. Daha diqqətçəkən məqam isə bu təşəbbüsün Ermənistan tərəfindən dəstəklənməsidir. Uzun illər qarşıdurma şəraitində olmuş iki ölkə arasında belə bir razılaşmanın əldə olunması regionda yeni siyasi reallıqların formalaşdığını göstərir. Bu, qarşıdurmadan əməkdaşlığa keçidin mümkünlüyünü sübut edən mühüm siyasi siqnaldır. Regionda davam edən sülh prosesi artıq yalnız siyasi bəyanatlar səviyyəsində qalmır, konkret addımlarla müşayiət olunur. Vaşinqtonda imzalanmış birgə bəyanat və tərəflər arasında əldə olunmuş razılaşmalar bu prosesin institusional əsasını təşkil edir. Bu sənədlər regionda uzunmüddətli sabitliyin təmin olunması üçün hüquqi və siyasi baza yaradır. Azərbaycan tərəfindən atılan addımlar isə bu prosesin praktik mərhələyə keçdiyini göstərir. Tranzit məhdudiyyətlərinin birtərəfli qaydada aradan qaldırılması regionda iqtisadi əlaqələrin bərpasına mühüm təkan verib. Bu addım yalnız iqtisadi deyil, həm də siyasi etimadın qurulması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycan ilk dəfə olaraq Ermənistana enerji məhsulları ixrac etməyə başlamışdır. Bu fakt münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Enerji əməkdaşlığı hər zaman strateji sahə hesab olunduğundan, bu addım qarşılıqlı etimadın dərinləşməsinə xidmət edir.
Azərbaycanın regional və qlobal siyasətdə artan rolunu şərtləndirən əsas amillərdən biri onun enerji və nəqliyyat sahəsində həyata keçirdiyi strateji layihələrdir. Ölkə uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Eyni zamanda, nəqliyyat və logistika sahəsində görülən işlər Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır. Orta Dəhlizin inkişafı, yeni nəqliyyat marşrutlarının yaradılması və mövcud infrastrukturun modernləşdirilməsi Azərbaycanı Avropa ilə Asiya arasında mühüm körpüyə çevirir. Prezident İlham Əliyevin çıxışında qeyd olunan “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təşəbbüslər bu strategiyanın tərkib hissəsidir. Bu marşrut yalnız region daxilində deyil, daha geniş coğrafiyada iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edəcək.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də bəzi Avropa institutlarının fəaliyyətinə yönələn tənqidlər oldu. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilən qərarlar Azərbaycanın haqlı narazılığına səbəb olmuşdur. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olsa da, bəzi qurumların bu məsələyə qərəzli yanaşması obyektivlikdən uzaqdır. Bu, beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, hər bir dövlətin ərazi bütövlüyü eyni dəyərə malikdir və bu məsələdə fərqli yanaşmalar qəbuledilməzdir. Bu mövqe yalnız Azərbaycanın deyil, bütövlükdə beynəlxalq hüquq sisteminin müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri balanslı və müstəqil yanaşmadır. Ölkə müxtəlif beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərkən öz milli maraqlarını prioritet olaraq qoruyur. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və etibarlı tərəfdaş kimi tanınmasına şərait yaradır. Azərbaycan həm Qərb, həm də digər regionlarla münasibətlərdə tarazlı siyasət yürüdərək geosiyasi riskləri minimuma endirməyə çalışır. Bu yanaşma ölkənin uzunmüddətli inkişaf strategiyasının əsasını təşkil edir.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın artıq yalnız regional deyil, qlobal səviyyədə də mühüm aktora çevrildiyini göstərir. Ölkə beynəlxalq təşəbbüslərdə fəal iştirak edir, qlobal problemlərin həllinə töhfə verir və eyni zamanda öz maraqlarını qətiyyətlə müdafiə edir. Azərbaycanın sülh təşəbbüsləri, iqtisadi layihələri və diplomatik fəaliyyəti onun beynəlxalq sistemdə rolunu daha da gücləndirir. Bu, ölkənin gələcək inkişaf perspektivləri üçün də mühüm zəmin yaradır.
Beləliklə, “Avropa Siyasi Birliyi” platformasında səsləndirilən fikirlər Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin və strateji baxışının aydın ifadəsidir. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan sülhə, əməkdaşlığa və ədalətli beynəlxalq münasibətlər sisteminin qurulmasına sadiqdir. Ölkənin 2028-ci ildə Zirvə görüşünə ev sahibliyi etməsi isə bu siyasətin beynəlxalq səviyyədə qəbul olunduğunu və dəstəkləndiyini göstərir. Bu, Azərbaycanın yalnız regionda deyil, bütövlükdə Avropa və qlobal siyasi məkanında mühüm rol oynadığını təsdiqləyən vacib amildir. Nəticə etibarilə, Azərbaycanın Avropa platformasındakı mesajları gələcəyə yönəlmiş strateji baxışın, prinsipial mövqenin və davamlı inkişaf modelinin ifadəsidir. Bu yanaşma isə ölkənin beynəlxalq arenada mövqeyini daha da gücləndirəcək.
Milli Məclisin deputatı
Şahin Seyidzadə










