Göydəniz Qəhrəmanov: “Azərbaycan belə təxribatlarla heç vaxt barışmayacaq”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səsləndirilən qəti mövqe və verilən tapşırıqlar bir daha göstərir ki, Azərbaycan dövləti öz suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş istənilən təxribatın qarşısını almaq əzmindədir. Bu gün İran ərazisindən Naxçıvan Muxtar Respublikası istiqamətində pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilmiş hücum regionda gərginliyi artıran və beynəlxalq hüququn kobud şəkildə pozulması olan son dərəcə ciddi hadisədir.
Bunu sözləri Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.
Deputat bildirib ki, mülki obyektlərin, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanı, təhsil müəssisələrinin və digər infrastrukturun hədəfə alınması qəbuledilməzdir və bu addım açıq şəkildə terror aktı kimi qiymətləndirilməlidir: “Dövlət Başçımız bu hadisəyə münasibət bildirərək Azərbaycanın belə təxribatlarla heç vaxt barışmayacağını və dövlətimizin təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirlərin görüləcəyini açıq şəkildə bəyan etdi”.
“Azərbaycan dövləti hər zaman regionda sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə sadiq olub. Prezident İlham Əliyev tərəfindən dəfələrlə vurğulandığı kimi, Azərbaycan ərazisi heç bir halda qonşu dövlətlərə qarşı istifadə edilməyəcək və ölkəmiz qonşularına qarşı düşmənçilik siyasəti yürütmür. Buna baxmayaraq, İran tərəfinin bu cür təxribat xarakterli addımı iki ölkə arasında münasibətlərə ciddi zərbə vurur. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir.
Bu gün baş verən hadisə fonunda Azərbaycan tərəfi haqlı olaraq İran rəhbərliyindən izahat, rəsmi üzr və bu terror aktının təşkilatçılarının məsuliyyətə cəlb olunmasını tələb edir. Dövlət Başçımız tərəfindən verilən tapşırıqlara uyğun olaraq ölkəmizin müvafiq qurumları tərəfindən diplomatik və təhlükəsizlik tədbirləri artıq həyata keçirilməkdədir”.
Millət vəkili əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələri ölkəmizin təhlükəsizliyini təmin etmək üçün tam hazır vəziyyətdədir və dövlətimiz bütün lazımi diplomatik və siyasi addımları atmaqdadır. Azərbaycan xalqı əmin olmalıdır ki, cənab Prezident tərəfindən müəyyən edilən qətiyyətli siyasət nəticəsində ölkəmizin suverenliyinə qarşı yönəlmiş istənilən təhdidə adekvat və qəti cavab veriləcək.










