media-guna

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin mətbuata birgə bəyanatı iki ölkənin münasibətlərinin daha geniş geosiyasi və strateji müstəvidə inkişafını nümayiş etdirdi.

İlk növbədə, Prezident İlham Əliyevin bəyanatda İtaliyanın Baş naziri Giorgia Meloninin Ermənistandan sonra Azərbaycana səfərinin böyük rəmzi məna daşıdığını vurğulaması xüsusi diqqət çəkir. Çünki, İtaliyanın Baş naziri tərəfindən belə bir diplomatik addımın atılması Azərbaycanın regionda aparıcı mövqeyə malik olması ilə birbaşa bağlıdır. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin təsir imkanları onların iqtisadi potensialı, enerji təhlükəsizliyindəki rolu və qlobal aləmdə nüfuzu ilə müəyyən olunur. Azərbaycan bütün bu istiqamətlərdə özünü təsdiqləmiş dövlətdir.

Azərbaycan və İtaliya arasında formalaşmış əməkdaşlığın önəmli hissəsi enerji sahəsi üzrə həyata keçirilir. Bu gün Avropa üçün enerji idxalı yalnız iqtisadi məsələ deyil, həm də siyasi sabitlik və təhlükəsizlik məsələsidir. Beynəlxalq münasibətlərin daha mürəkkəb xarakter aldığı bir dövrdə etibarlı tərəfdaşlara ehtiyac artır. Azərbaycan isə bu kontekstdə mühüm və etibarlı enerji təminatçısı kimi çıxış edir.

Digər tərəfdən, Azərbaycan İtaliya ilə əlaqələrini daha dərin və çoxşaxəli model üzərində qurmağa çalışır. Xüsusilə iki ölkənin hərbi-texniki əməkdaşlığı bu baxımdan böyük əhəmiyyət daşıyır. Yəni, Azərbaycan resurs ixracı ilə kifayətlənmir, texnologiya və istehsal üzrə də fəal iştirakçıya çevrilmək niyyətindədir. İtaliya kimi NATO ölkəsi ilə bu sahədə yaxınlaşma Azərbaycanın müdafiə sənayesinin daha da təkmilləşdirilməsinə, beynəlxalq hərbi əməkdaşlıq şəbəkəsinin möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycanın II Qarabağ müharibəsindəki tarixi Zəfəri ölkəmizin hərbi gücünü bütün dünyaya nümayiş etdirdi. İşğaldan azad olunan torpaqlarımız bu gün beynəlxalq investisiyaların yönəldiyi mühüm inkişaf məkanına çevrilmişdir. Bu gün Qarabağ və Şərqi Zəngəzur ərazilərində bərpa və yenidənqurma işlərində bir çox ölkələrlə yanaşı İtaliyanın şirkətləri aktiv iştirak edirlər.

Azərbaycan-İtaliya münasibətlərinin müsbət dinamikası bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də öz əksini tapır.  Bu konteksdə ötən il Bakıda böyük təntənə ilə açılışı keçirilən İtaliya-Azərbaycan Universiteti iki ölkənin dostluğunun intellektual dayaqlarının möhkəmləndirilməsinə töhfə verir. Bu universitet İtaliya və Azərbaycan tərəfdaşlığının davamlılığı və gücləndirilməsi yönündə önəmli bir təhsil ocağı kimi çıxış edir. Yəni, məqsəd ondan ibarətdir ki, gənclər bir-birinin dilini öyrənsin, mədəniyyətini daha yaxından tanısın, xalqlarımız arasında mənəvi bağlar daha da güclənsin. Bu isə o deməkdir ki, Azərbaycan və İtaliya əlaqələrin daha da dərinləşdirilməsinə qarşılıqlı maraq göstərirlər.

 

 


media-728x90banner

Bənzər xəbərlər