media-gunay

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyevanın XALQ-a müsahibəsini təqdim edirik:

 

Günay xanım, son illər Azərbaycan çox mühüm tarixi proseslərdən keçdi. Ölkənin müasir mərhələyə gəlib çıxma prosesində hansı əsas amilləri xüsusilə önəmli hesab edirsiniz?

– Bilirsiniz, Azərbaycanın bu gün gəlib çatdığı mərhələni ətraflı dərk etmək və dəyərləndirmək üçün düşünürəm ki, biz ilk növbədə yaxın tariximizə nəzər salmalıyıq. Ölkəmizin, və əslində bizim hər birimizin keçdiyi o çətin dövrləri xatırlamalıyıq.

Uzun illər boyu torpaqlarımızın işğalı, bir milyondan artıq insanların doğma yurd-yuvasından didərgin düşməsi, cəmiyyətdəki ruh düşkünlüyü — bütün bunlar düşünürəm ki, hər evin, hər ailənin yaşadığı acı idi.

Sanki, hər bir azərbaycanlının çiynində görünməyən, amma əslində hamımızın da hiss etdiyimiz bir yük vardı. Bu yüklü, ağır dönəm verdiyimiz itkilər ilə yanaşı, həm də “nə vaxtsa Qarabağa geri dönəcəyik?” sualının cavabsız qaldığı dövr idi.

5 il öncə, beynimizdə dönə-dönə təkrarlanan bu sual cümləsi nida cümləsinə çevrildi. Bu nidanı Prezident cənab İlham Əliyev əvvəlcə bəyan etdi, sonra isə öz qətiyyətli fəaliyyəti ilə sübut etdi. 44 günlük II Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın mərd, qəhrəman oğullarının şücaəti ilə ölkəmizin əldə etdiyi Böyük Qələbə nəticəsində, torpaqlarımız azad olundu. Cənab Prezidentin “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri dillərdə əzbər bir şüar oldu. Bu şüar və onun təsdiqi illərin çarəsizliyinə, nigarançılığına bir anda son qoyaraq bizə inam, sevinc, qürur, zəfər ruhunu qazandırdı.

Ölkəmizin Vətən müharibəsində əldə etdiyi Zəfər ilə müstəqillik tariximizin ən mürəkkəb məsələsi olan Qarabağ münaqişəsinə son qoyuldu. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Bu, belə demək olarsa, 30 il bağlı qalan bir düyünün açılması idi. Amma bu, eyni zamanda dövlətimiz və bilavasitə cənab Prezident tərəfindən uzun illər ərzində aparılan güclü hərbi, siyasi-diplomatik hazırlığın, resursların mühüm sahələrə yönəldilməsinin parlaq nəticəsi idi.

Bu gün Azərbaycanın daxili sabitliyi, azad edilmiş ərazilərdəki bərpa-quruculuq işləri, regionda aparıcı rolu, beynəlxalq aləmdə nüfuzlu mövqeyi, dünya səhnəsində həyata keçirdiyi uğurlu diplomatiya, qlobal miqyaslı tədbirlərə ev sahibliyi etməsi, yeni tərəfdaşlıq formatları, kommunikasiya, enerji və nəqliyyat layihələri, Türk Dünyası ilə inteqrasiya xətti – bütün bunlar dövlətimizin və Azərbaycan Prezidentinin yürütdüyü müdrik, uzaqgörən, addım-addım işlənmiş, planlı yanaşmanın göstəricisidir.

Baxın, dünənə qədər Azərbaycana qarşı ən mürəkkəb, ən gərgin və hətta açıq qarşıdurma ilə xarakterizə olunan münasibətlərin biz bu gün yeni prizmadan baxılmasını, tərəfdaşlıq müstəvisinə keçirilməsi istəyini müşahidə edirik. Bu, təsadüfi deyil, ani bir proses də deyil. Bu, Azərbaycanın artan beynəlxalq çəkisinin, eyni zamanda cənab Prezidentin prinsipial və ardıcıl siyasətinin, öz şəxsi liderlik nüfuzunun qlobal miqyasda təsdiqidir.

Bu gün ölkəmizin Türk Dünyası ilə birgə fəaliyyəti, həm ikitərəfli tərəfdaşlıq səviyyəsində, həm də Türk əməkdaşlıq təşkilatlarının çərçivəsində getdikcə daha da genişlənir, möhkəmlənir. Ümumtürk birliyi artıq ideya və niyyətlər şəklində yox, konkret siyasi, iqtisadi, mədəni və ümumiyyətlə həyatın bütün sferalarını əhatə edən strateji formatda özünü göstərir. Vaxtilə bunu arzu kimi səsləndirənlər böyük ziyalılarımız bəlkə də düşünməzdi ki, Türk Dünyası bu qədər qısa müddətdə vahid iradəyə, vizyona, təsir imkanlarına malik mühüm bir güc mərkəzinə çevrilə bilər. Və bu da bir həqiqətdir ki, ölkəmiz ümumtürk platformasının aparıcı sütunlarından biridir.

Biz keçmişimizi unutmamalıyıq, ilk növbədə düzgün dərslər çıxartmaq üçün.

 

Düzgün dərslər… Daha konkret, nəyi nəzərdə tutursunuz?

– Tarixi proseslərə geniş perspektivdən baxanda görünür ki, bugünkü vəziyyət illərin səbrinin, ciddi səylərinin və yorulmaz əməyinin təbii təzahürüdür.

Və təsadüfi deyil ki, Azərbaycanın dünya arenasında yüksəlməsi, daxili stabilliyi və milli həmrəyliyi müəyyən qüvvələri narahat edir. Çox təəssüflənirəm ki, bəzi insanlar və ya təxribatçı qruplar öz maraqları çərçivəsində Vətənpərvərliyə zidd mövqe nümayiş etdirirlər. Bu, nə dövlətçilik şüuru ilə, nə də Vətənə sədaqət anlayışı ilə uyğunluq təşkil edir.

Öz mənfəətini dövlət və milli mənafelərdən üstün tutaraq cəmiyyəti qeyri-sabitliyə sürükləməyə çalışan yanaşmalar ölkəmizi sadəcə xaosa apara bilər. Bu, bir dağıdıcı qüvvədir. Dövlətçilik məsuliyyəti tələb edir ki, biz emosional və destruktiv meyillərlə deyil, uzaqgörənlik, rasional düşüncə və milli birlik prinsipləri ilə hərəkət edək.

Şəxsi ambisiyalar naminə dövlətin və xalqın taleyini əhatə edən ali məsələləri, ölkəmizin əzab-əziyyətlərdən, beynəlxalq aləmdə təzyiqlərdən, ikili standartlardan keçərək bu günə qədər gəldiyi yolu gözardı etmək, görməmək, qiymətləndirməmək heç bir halda qəbul edilə bilməz. Bu kontekstdə vurğulamaq vacibdir ki, ayrı-ayrı siyasi fiqurlar və keçmiş vəzifəli şəxslər, o cümlədən R.Mehdiyev və Ə.Kərimlinin fəaliyyətinə Azərbaycanın milli maraqlarının, daxili sabitliyinin və təhlükəsizliyinin qorunması prizmasından qiymət verilməlidir.

Biz hər birimiz dövlətimizin bugünkü gücünün, imkanlarının hansı tarixi şəraitdə formalaşdığını dərk etməli, onların arxasında dayanan zəhməti və fədakarlığı dəyərləndirməli, qazanılan uğurları daha da inkişaf etdirməyə çalışmalıyıq.


media-728x90banner

Bənzər xəbərlər