Günay Əfəndiyeva: “Milli Qurtuluş Günü dövlətçiliyə sədaqətin günüdür”
Bu gün biz müasir Azərbaycan dövlətçiliyinin tarixində çox mühüm əhəmiyyət daşıyan 15 İyun – Milli Qurtuluş Gününü qeyd edirik.
Bu gün Azərbaycanın dövlət kimi mövcudluğunun qorunduğu, parçalanma və xaos təhlükəsindən xilas olduğu, gələcək inkişaf strategiyasının əsasının qoyulduğu gündür. Bu gün Azərbaycanın müstəqilliyinin ciddi təhdid altında qaldığı dönəmdə Ulu Öndər Heydər Əliyevin o böyük məsuliyyəti öz üzərinə götürdüyü gündür.
15 iyun – Milli Qurtuluş Günü dövlətçiliyə sədaqətin günüdür. Xalqın öz dövlətinə inamının yenidən qaytarıldığı gündür. Azərbaycanın tərəqqisinə möhkəm zəminin hazırlandığı gündür.
Bu gün 33 il əvvələ baxarkən aydın görünür ki, həmin dövrdə qəbul edilmiş qərarlar və müəyyənləşdirilmiş inkişaf xətti Azərbaycanın gələcək uğurlarının bünövrəsini təşkil etmişdir. Bu gün dövlətimizin qlobal miqyaslı nailiyyətləri, regional liderə çevrilməsi, yüksək beynəlxalq nüfuzu həmin güclü təməllər üzərində qurulmuşdur.
Bu gün Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan bayrağının qürurla dalğalanması Ulu Öndərin ideyalarının Prezident İlham Əliyevin rəhbərliyində layiqli, uğurlu davamını nümayiş etdirir.
Bu əlamətdar gündə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ölkəmizi, xalqımızı Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edirəm.
Yaşasın müstəqil Azərbaycan!










