Günəş çıxdı, qanunsuz tikintilər başladı- Nizami rayonundan daha bir görüntü- Video
Bakıda yağışlardan sonra şəhərdə yaranan problemlər hələ tam aradan qalxmamış, yeni narahatedici hallar yenidən gündəmə gəlməkdədir. Hava şəraitinin sabitləşməsi ilə paralel olaraq paytaxtda qanunsuz tikinti hallarının yenidən artdığı göz önündədir.
Daxil olan növbəti videogörüntülər də bu iddiaları təsdiqləyir. Kadrlarda Nizami rayonu, Elşən Süleymanov küçəsində aparılan tikinti işləri əks olunur. Görüntülərdən aydın olur ki, tikinti zamanı piyada səkisi dağıdılır, eyni zamanda küçənin işıqlandırma infrastrukturu, dirəklər və xətlər ciddi zədələnir.
Yenə eyni suallar açıq qalır – bu tikinti hansı əsaslarla aparılır? Layihənin təsdiq olunmuş sənədləri varmı? Niyə ictimai infrastruktur, səkilər və işıqlandırma sistemi bu qədər kobud şəkildə məhv edilir?
Əgər fərz etsək ki, tikintiyə yerli səviyyədə hansısa formada “göz yumulub”, bu zaman digər aidiyyəti qurumların rolu niyə gözə dəymir? Ekspertlərin fikrincə, bu kimi hallarda bir neçə qurum paralel şəkildə məsuliyyət daşıyır.
Şəhərsalma və tikinti üzrə nəzarəti həyata keçirən dövlət qurumları, yol və piyada infrastrukturu ilə bağlı qurumlar, küçə işıqlandırmasına cavabdeh xidmətlər nədən bu hallara göz yumur?
Bu görüntülər göstərir ki, bu qurumlar arasında koordinasiya və nəzarət mexanizmləri işləmr.
Müşahidəçilər bildirirlər ki, paytaxtda qanunsuz tikintilərin uzun illərdir davam etməsi artıq sistemli problem xarakteri alıb. Bu proses yalnız şəhər estetikasına deyil, həm də vətəndaşların təhlükəsizliyinə ciddi təhdid yaradır. Səkilərin dağıdılması piyadaların hərəkətini çətinləşdirir, işıqlandırmanın sıradan çıxması isə gecə saatlarında riskləri artırır.Bizimesr.az
Qeyd edək ki, Nizami rayonu icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılovdur.










