Hacıbaba Babayev bu tikintiyə icazə verib?
Binəqədi rayonunda neft buruqlarının cəmi bir neçə metrliyində iri həcmli obyekt tikintisinin aparıldığı bildirilir. Bizimesr.com bildirir ki, videogörüntüdən görünür ki, tikinti işləri neft hasilatı aparılan əraziyə olduqca yaxın məsafədə davam etdirilir.
Maraqlıdır ki, neft yataqları və hasilat infrastrukturu yerləşən ərazilərdə təhlükəsizlik tələbləri xüsusi əhəmiyyət daşıyır. Belə ərazilərdə tikinti işlərinin aparılması ciddi normativ qaydalarla tənzimlənir və təhlükəsizlik məsələləri ön planda olmalıdır.
Bu baxımdan ortaya bir sıra suallar çıxır. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin bu tikintidən xəbəri varmı? Rayon ərazisində qanunsuz tikintilərə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Hacıbaba Babayevin nəzarət etdiyi iddia olunur.
Digər tərəfdən, neft ərazilərinə nəzarət edən aidiyyəti dövlət qurumlarının, eləcə də SOCAR-ın müvafiq təhlükəsizlik strukturlarının bu məsələyə münasibətsizliyi də maraq doğurur. Neft buruqlarının yaxınlığında aparılan tikinti işləri ilə bağlı hansı nəzarət tədbirləri həyata keçirilir?
Mütəxəssislər qeyd edirlər ki, neft hasilatı aparılan ərazilərdə istənilən tikinti layihəsi ciddi təhlükəsizlik ekspertizalarından keçməli, həm ətraf mühit, həm də insanların həyatı üçün yarana biləcək risklər əvvəlcədən qiymətləndirilməlidir.
Hazırda isə əsas sual açıq qalır – neft buruqlarının bir neçə metrliyində həyata keçirilən bu tikinti qanunvericiliyin tələblərinə uyğundurmu və bu layihəyə kimlər məsuliyyət daşıyır? Həmçinin bu tikintini kim aparır?
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.Bizimesr.com
Həmin görüntüləri təqdim edirik











