Hantavirus təhlükəlidir – AÇIQLAMA
“Hantaviruslar zoonotik viruslar olub. Əsasən gəmiricilərdə parazitlik edir və müxtəlif gəmiricilərdə hantavirusun müxtəlif növləri var. Ən çox Şimali və Cənubi Amerikada rast gəlinir. Təbiətdə təbii rezervuar kimi daha çox maral siçanlarının orqanizmində yaşayırlar”.
Bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, maral siçanlarının insanda ciddi xəstəlik törədən növü var:
“Şimali və Cənubi Amerikada xəstəliyin ağciyər ağırlaşmaları yaradan ştamı mövcuddur. Avropaya transfer edən gəmiricilərdə daha çox qızdırma və böyrək çatışmazlığı törədən ştam var. Bəzi yerlədə respirator xəstəliklər törədir. Yəni, xəstəlik əsasən maral siçanları deyilən xüsusi siçanlarda var. Amma bütün gəmiricilər rezervuardır. Hazırda Azərbaycan müxtəlif yerlərdə olan siçanlar onların təbii rezervuarı deyil. Burada insan üçün təhlükəli ştam yoxdur. Amma o demək deyil ki, bu xəstəlik olmaya bilməz. Biz qloballaşan dünyada yaşayırıq. Artıq müxtəlif ölkələrdən, o cümlədən Amerika qitəsindən ölkəmizə mallar gəlir. Bu baxımdan həmin siçanların transferi mümkündür”.
Həkim qeyd edib ki, hazırda virusun yoluxma indeksi pandemiya yaratmaq üçün yetərli deyil: “Çünki onun yoluxduruculuq göstəricisi və yayılma indeksi kifayət qədər aşağıdır. Bununla belə, xəstəlik ciddi təhlükə hesab olunur. Xüsusilə də virusun insan orqanizmində yaratdığı ağır fəsadlar və yüksək ölüm göstəriciləri səbəbindən məsələyə ciddi yanaşmaq lazımdır. Gələcəkdə virusun hansı davranış sərgiləyəcəyini proqnozlaşdırmaq çətindir. Ona görə ki, hansı virusların genomunda RNT varsa, onlar daim mutasiyaya uğrayır. Hər bir mutasiya yeni xassə deməkdir. Hantavirusu diqqət mərkəzinə gətirmək lazımdır. Nə qədər ki, zoonotik infeksiyalar insana transfer edib və insandan-insana yayılmağa başlayıb, artıq ciddi və epidemioloji baxımdan nəzarət altına alınmalı olan infeksiyalar sırasına daxil edilib”.
A.Qeybulla vurğulayıb ki, proflaktika tədbirlərinə ciddi fikir verilməlidir: “Virusla mübarizə üçün konkret klinik protokol yoxdur. Amma preventiv tədbirlər olmalıdır. Mümkün qədər bu siçanlardan uzaq dayanmaq, onların olduğu yeri sterlizə etmək, təmizləmək və bu zaman əlcək geyinmək, maskadan istifadə etmək lazımdır. Sanitar idarələr haradasa təbii rezervuar tapılsa, dərhal işə keçməli və həmin zonada dezinfeksiya işləri görülməli, gəmiricilərlə mübarizə aparılmalıdır. Siçanların dişləməsi, ağız suyunun və s.-nin müxtəlif yerlərə düşməsi yoluxma üçün şərait yaradır. Digər tərəfdən, mütəxəssislər virusların zamanla davranış dəyişdirə bilməsini də nəzərə almağın vacib olduğunu bildirirlər. Bu gün aşağı yoluxduruculuq göstərən virus gələcəkdə mutasiya nəticəsində fərqli xüsusiyyətlər qazana bilər”.










