“Haribo”nun tərkibində narkotik maddə aşkarland
Dünyaca məşhur “Haribo” brendi narkotik qalmaqalı ilə sarsılıb.
XALQ xarici KİV-ə istinadla xəbər verir ki, Niderlandda satışa çıxarılan “Haribo” paketlərini alan bəzi insanlar onları yedikdə özlərini pis hiss etməyə başlayıblar.
Araşdırmalar zamanı sözügedən məhsulların tərkibində marixuana olduğu üzə çıxıb.
Niderlanddakı bütün “Haribo” paketlərinin toplanmasına qərar verilib.
BBC-də yer alan xəbərə görə, müayinələr zamanı konfetlərdən götürülmüş nümunələrdə narkotik maddə olduğu təsdiqlənib.
Niderland Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı (NVWA) bu günə qədər 3 paketdə narkotik tapıldığını açıqlayıb.
Sözügedən paketlərin son istifadə tarixi 2026-cı ilin yanvarıdır.
İndiyədək nə qədər insanın bu məhsullardan təsirləndiyi bəlli deyil. Polis marixuananın məhsullara necə daxil olduğunu araşdırır.
NVWA bəyanatında alıcıları “Haribo” məhsullarını almamağa çağırıb.
Şirkət yalnız Hollandiyadakı məhsulların geri çağırıldığını və digər ölkələrdəki məhsulların təhlükəsiz olduğunu bildirib.
*****
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, Niderlandda “Haribo” marmeladlarında uyğunsuzluq aşkarlanması ilə bağlı məlumat paylaşılıb. Bu səbəbdən həmin məhsul partiyasının Niderlandda satışının qadağan edilməsi və geri çağrılması ilə bağlı yayılmış məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb. Bildirilir ki, uyğunsuzluq aşkarlanan həmin məhsul partiyaları ölkəmizə idxal olunmayıb və bununla bağlı heç bir narahatlığa əsas yoxdur”.