“Heç kim erməniyə görə Azərbaycan əsgəri ilə qarşı-qarşıya gəlməz” – Deputat
“Azərbaycanla Ermənistan arasında müxtəlif platformalarda keçirilən çoxsaylı danışıqlar prosesində sülh müqaviləsinin imzalanması üçün demək olar ki, bütün məsələlər razılaşdırılmışdır. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü parametrləri açıqlayaraq tanıdığını və Qarabağı Azərbaycanın suverən ərazisi olduğunu dəflərlə bəyan etmişdir. Deyə bilərəm ki, sülh müqaviləsinin imzalanması son mərhələyə yaxınlaşmışdı. Amma bu proses birdən-birə dayandı və Ermənistan təxribatlara əl atmağa başladı. Bunun kökündə bir neçə səbəbin dayandığını hesab edirəm”. Bu sözləri deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, birincisi Fransanın və digərlərin Ermənistana dayaq dayanması erməniləri yenidən öz çirkin niyyətlərinə davam etməsinə ruhlandırıb: “Ona görə də şərti sərhədimizdə təxribatlara əl atır, humanitar yardım adı altında avomobil karvanı şousuna və sülhməramlıların yerləşdiyi ərazilərimizdə yerləşən qeyri-qanuni silahlıların silahlandırılmasına davam edir. Bu da regionda müharibə riskini yenidən artırır.
Ermənistan elə bilir ki, onun yerinə Fransa və ya digər ona dəstək dayananlar gəlib Azərbaycanla müharibə edəcək. Bu absurd düşüncədir. Heç kim Ermənistana görə Azərbaycanla müharibə etməz. Bu gün Ermənistana verilən siyasi dəstək erməni diasporun pulları hesabına təşkil olunur. Amma heç kim erməniyə görə Azərbaycan əsgəri ilə qarşı-qarşıya gəlməz. Çünki, bütün dünya Azərbaycan ordusunun gücündən xəbərdardır”.
Deputat sözlərinə belə davam edib: “İkinci səbəb isə Ermənistanın sülh müqaviləsi imzalmaqdan uzaq olmasıdır. Ermənistan hakimiyyəti müxtəlif yollarla prosesi uzadaraq hakimiyyətini əlində saxlamağa çalışır. Amma onlar anlamırlar ki, vəziyyət əbədi belə davam edə bilməz və bir gün partlayacaqdır. Xalqı altdatmaqla hakimiyyəti əldə saxlamaq faciəyə aparır. Müstəqil media qurumları tərəfindən Ermənistan ictimaiyyəti arasında aparılan rəy sorğularında da reyspondentlərin əksəriyyəti müharibənin istəmədiyini, Qarabağın heç vaxt Ermənistanın olmadığını və yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsi imzalanaraq sərhədlərin açılmasında olduğunu görürlər.
Sülh müqaviləsinə mane olan əsas səbəb Paşinyan hakimiyyətinin siyasi manipulyasiyalara əl atmasıdır. Əslində sülh müqaviləsinin imzalanması üçün müzakirə olunmalı ciddi məsələlər qalmamışdır. Burda əsas məsələ Paşinyanın sözlə ifadə etdiyi sözləri kağızda imza ilə möhkəmlətməklə sərhədlərin delimitasiyası və demarkasiyasına başlamasıdır. Bunun üçün Ermənistan hakimiyyətinin məsələyə obyektiv yanaşması və siyasi iradə nümayiş etdirməsi vacibdir. Əks halda yenidən hərbi əməliyyatların başlanması qaçılmazdır”.










