media-qatar

“Bakı-Tblisi sərnişin qatarının fəaliyyətə başlaması olduqca müsbət haldır, təqdirəlayiq hadisədir. Hesab edirəm, vətəndaşlarımızın, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımızın gediş-gəlişinə xeyli kömək olacaq. Əlbəttə, qatarın açılması öz-özlüyündə yaxşıdır, amma gərək tarif cədvəlləri də əhalinin sosial vəziyyətinə uyğun təqdim edilsin. Sözün açığı, Azərbaycan Dəmir Yollarının Bakı-Tiflis qatarının tarifi ilə bağlı açıqlaması məni o qədər də qane etmədi. Səbəblərdən biri qiymətlərin İsveçrə frankı ilə hesablanması, digəri isə Azərbaycanda minimum əməkhaqqının artırılması ilə əlaqələndirilməsidir. ADY-nin açıqlamasını o qədər də peşəkar mövqe saymıram”.

 

Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

media-musa

Sədr bildirib ki, qiymətin formalaşmasına təsir edən faktorlar var: “Bu faktorları və onların qiymətlərinin nə dərəcədə artdığını göstərməli idilər. Ən azından qatardakı vaqonların sayı bir neçə sinfə bölünməli, hər sinfin də özünə uyğun həm xidmət, həm də qiymət səviyyəsi müəyyənləşməlidir. Nəzərə alsaq ki, Gürcüstan və Azərbaycan arasında sıx tarixi əlaqələr var, Gürcüstanda yarım milyona yaxın soydaşımız yaşayır. Onların qohum-əqrəbaları da Azərbaycanda müxtəlif rayonlarda, xüsusilə, Bakı-Gəncə istiqamətində yaşayırlar. Bu insanlara müəyyən imtiyazlar tanısaydıq, yaxşı olardı. İlin müəyyən dövrlərində qiymətlərdə endirimlər edilərsə, sosial güzəştli paketlər nəzərdə tutularsa, müsbət addım kimi qiymətləndirmək olar. Bəli, quru yollarımız indi bağlıdır, yalnız dəmir yolu açılacaq. Təsəvvür edin, bunun arxasınca quru sərhədlər tamamilə açılacaqsa, faktiki Bakıdan Tbilisiyə bir nəfərin qatarla getməsi üç-dörd nəfərin taksi ilə getməsindən baha başa gələcək. Bu da gələcəkdə Azərbaycan Dəmir Yollarının öz tarif cədvəlinə yenidən baxmasına gətirib çıxaracaq. Hər halda qiymətlərə yenidən baxmaq olar. Bunu da qəbul edirik ki, dünyada dəmir yolu əvvəlki kimi ən ucuz nəqliyyat növü sayılmır. Keyfiyyətin artması, göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, o cümlədən maya dəyəri ilə əlaqədar qiymətlər də kifayət qədər yuxarıdır. Amma istənilən halda, Azərbaycan vətəndaşının sosial rifahına mənfi təsir göstərməməlidir. Belə baxanda, komfort sinfi təyyarə qiymətlərindən o qədər də fərqlənməyəcək. Bunu da nəzərə almaq lazımdır. Ümumilikdə, qatarın açılmasını müsbət hal kimi dəyərləndirirəm. İşin gedişində həm tariflərə yenidən baxıla, eyni zamanda siniflərə bölünmə və başqa sosial layihələr də qiymət siyasətində tətbiq oluna bilər”.


media-728x90banner

Bənzər xəbərlər