Humanizm siyasətinin növbəti nümunəsi
“Prezident İlham Əliyevin yürütdüyü siyasi kurs humanizm prinsiplərinə əsaslanır. Dövlətimizin başçısının rəhbərliyi dövründə minlərlə insanın əfv olunaraq məhkumluq cəzasından azad edilməsi, bir qisminin cəzasının azaldılması, cərimələrinin ləğv edilməsi, bir sözlə qanunları pozaraq məsuliyyətə cəlb olunmuş şəxslərin özlərini bir daha doğrultmaq üçün onlara yeni şansın verilməsi bunun bariz nümunəsidir”.
Bnun açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin 28 may – Müstəqillik Günü ərəfəsində imzaladığı əfv sərəncamı 154 nəfərə şamil olunub: “Birbaşa həmin şəxslərin cəzasının yüngülləşməsinə və ya azadlığa çıxmasına xidmət edən bu sərəncam onların yüzlərlə doğmalarının və yaxınlarının sevincinə də səbəb olub. Məhkumluqdan azad olunmuş şəxslərin bayram günündə öz evlərində ailələri ilə birgə şadlanmaları xalqımızı da sevindirir”.
Deputatın sözlərinə görə, dövlət başçımız belə sərəncamlarla ehtiyatsızlıqdan cinayət törətmiş və cəzaya məhkum olunmuş şəxsləri normal həyata qaytarır. Onlar da öz ailəsində ölkənin vətəndaşları kimi normal həyat sürür, yenidən qurub-yaratmaq imkanına malik olurlar. Ölkə lideri imzaladığı belə çoxsaylı sərəncamlarla hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bir daha təsdiq edir.
“Prezidet İlham Əliyevin humanizm siyasətindən həbsxanalarda cəza çəkən əcnəbi vətəndaşlar da yaralanırlar. Bu əfv sərəncamı ilə 8 əcnəbi şəxs cəzasının çəkilməmiş hissəsindən azad olunub. Bu, həm də əcnəbi vətəndaşlarda Azərbaycan dövlətinin humanistliyi haqqında fikir formalaşdırır”, – deyə müsahibimiz əlavə edib.
Azər Badamov vurğulayıb ki, Azərbaycanda hüquqi dövlət qurulub: “Hamı qanun qarşısında bərabərdir. Cinayət törətmiş şəxslər məhkum olunaraq cəzalarını çəkilər. Lakin cəzasının müəyyən hissəsini çəkəndən sonra cəmiyyət üçün təhlükəli olmayan və ağır cəzalar törətməmiş şəxslərin real həyata qayıtmasına imkan verilir. Bu, həm də həbsxanalarda məhkumluq həyatına davam edənlər üçün də bir əxlaq dərsidir. Həbsdə olanlar qarşıdan gələn əfv proseslərində iştirak etmək imkanı əldə etmək üçün məhkumluq həyatında nümunəvi olmağa çalışacaqlar. Yəni dövlət başçımızın əfv sərəncamı sanki yalnız azad olunanlara şamil edilmir, həm də məhbus həyatı yaşayanların da tərbiyə olunması üçün məktəb rolunu oynayır”.











