İcra başçıları bu qədər maaş alsalarda, amma qanunsuz davranışları…..
Rayon “padşahlarının” ənənəvi “çörəyi” isə rüşvətdən çıxır. Bölgə miqyasında kadr dəyişikliklərindən xeyli vəsait əldə olunur.
Bütün bu qanunsuz fəaliyyətlər hesabına əldə edilən pullar rayonlarda, Bakıda, hətta ölkə xaricində sərmayə kimi yerləşdirilir. Rayon rəhbərlərinin əksəriyyəti Bakıda mənzillər, ticarət obyektləri və digər daşınmaz əmlaklara sahib olaraq oradan böyük gəlir əldə edirlər.
Bəzi icra başçılarının isə səsi-sorağı Londondan, Parisdən, Praqadan, Karlovi-Varıdan, Monakodan və Türkiyədən gəlir. Onlar əsasən hökumətdə daha iri məmurların yaxın ətrafına daxildirlər və tutduqları post da həmin şəxslərin nüfuzu hesabına əldə olunub. Bu çevrələr digərləri ilə müqayisədə daha böyük var-dövlətə sahibdirlər, çünki iri miqyaslı “çirkli işlərə”, layihələrə cəlb olunurlar və s.
Qeyd edək ki, icra başçılarının maaşları da Azərbaycanda orta aylıq əməkhaqqından 5–8 dəfə yüksəkdir. Üstəlik, dövlət qulluqçusu kimi onlar əlavələr də alırlar və nəticədə aylıq rəsmi gəlirləri bəzi rayonlarda 8–10 min, bəzən isə 13 min manata qədər yüksəlir.

Rəsmi məlumata görə, bu vəzifə sahiblərinin əsas maaşları əhali sayına görə müəyyən olunur və 3 800 – 7 650 manat aralığında dəyişir.
| Kateqoriya | Əsas maaş (manat) |
|---|---|
| Bakı şəhəri icra başçısı | 7 650 |
| Gəncə və Sumqayıt şəhərləri | 5 625 |
| Əhalisi 100 min nəfərdən çox olan rayonlar | 4 587 |
| Əhalisi 50–100 min nəfər olan rayonlar | 4 225 |
| Əhalisi 50 min nəfərdən az olan rayonlar | 3 837 |
Prezidentin 2022-ci il 1 mart tarixli 1609 nömrəli Fərmanına əsasən, bütün icra başçılarına vəzifə maaşının 1,5 misli qədər aylıq əlavə ödəniş verilir. Bu, praktik olaraq onların maaşlarını təxminən 50 faiz artırır.Beləliklə, real gəlirlər aşağıdakı kimi formalaşır:
| Kateqoriya | Əsas maaş (manat) | Əlavə (1,5x) | Ümumi gəlir (təxminən) |
|---|---|---|---|
| Bakı şəhəri icra başçısı | 7 650 | +3 825 | ≈ 11 500 manat |
| Gəncə və Sumqayıt şəhərləri | 5 625 | +2 812 | ≈ 8 400 manat |
| Böyük rayonlar | 4 587 | +2 293 | ≈ 6 880 manat |
| Orta rayonlar | 4 225 | +2 112 | ≈ 6 300 manat |
| Kiçik rayonlar | 3 837 | +1 918 | ≈ 5 750 manat |
Bundan başqa, bəzi bölgələrdə icra başçılarına xidmət illərinə görə, sərhəd və dağlıq ərazilərdə işləməyə görə, həmçinin ezamiyyə və təmsil xərcləri üçün əlavə vəsait ayrılır.
Yəni rəsmi sənədlərdə göstərilən 3–7 min manatlıq maaş əslində onların tam gəlirinin yalnız bir hissəsidir. Reallıqda bəzi başçıların aylıq gəliri 12–13 min manata qədər yüksəlir.
Onu da qeyd edək ki, icra başçıları dövlət tərəfindən başqa imtiyazlarla da təmin olunurlar — xidməti avtomobil, tibbi sığorta, sanatoriya göndərişləri və s. Eyni zamanda, onlar çox vaxt vəzifələrindən sui-istifadə edərək özləri üçün ultra komfort şərait yaradırlar.
Bütün bunları nəzərə aldıqda, icra başçılarının sadə vətəndaşla müqayisəyə gəlməz dərəcədə varlı, təminatlı həyat sürdüyü aydın olur. Onların övladları və yaxın çevrələri də dövlət hesabına əldə olunan sərvətlər içində bəzən harın böyüyür, cəmiyyət üçün yararsız adamlara çevrilirlər. Bəzən isə həmin “harınlıq” elə onların öz başlarına bəla olur.“AzPolitika.info”










