media-tia_bd75ae97a5506f82e64f8bae6c52a536_6lvf9yhstji1bogawuc8-645x430

Ömrünün 45 ilini müəllim peşəsinə həsr etmiş, iki oğlu Qarabağ döyüşlərinin iştirakçısı olan Natella Məmmədovaya Naxçıvanın Şahbuz rayon İcra Hakimiyyəti problem yaratmağa davam edir.

Tribuna.az-a bu barədə məlumat verən şikayətçi bildirib ki, həm özü, həm də mərhum həyat yoldaşı uzun illər dövlətə və xalqa xidmət edib, müəllim kimi yüzlərlə şagird yetişdiriblər. Lakin bu gün onlar ən sadə dolanışıq problemini belə həll edə bilmirlər.
İki oğlu Qarabağ döyüşlərinin iştirakçısı olan N.Məmmədova uzun müddətdir maddi sıxıntı səbəbindən özlərinə məxsus və bütün sənədləri qaydasında olan həyətyanı torpaq sahəsində kiçik dükan tikərək dolanışıqlarını təmin etmək istəyir. Lakin Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev qərəzli şəkildə buna mane olur, müxtəlif bəhanələrlə ailəyə problem yaradır.
Natella Məmmədova bildirir ki, məsələ ilə bağlı Naxçıvan rəhbərliyinə də dəfələrlə müraciət edib və ailənin sosial vəziyyəti, övladlarının müharibə iştirakçısı olması nəzərə alınaraq onlara köməklik göstərilməsi tapşırılıb.
Buna baxmayaraq, Şahbuz rayonunun başçısı Rəfael Babayev müxtəlif səbəblərlə tikintiyə mane olmağa davam edir.
Şikayətçi qeyd edir ki, başqa şəxslərə yolun mühafizə zolağına daha yaxın ərazilərdə obyekt tikintisinə şərait yaradıldığı halda, onların ailəsinə fərqli münasibət göstərilir. Bildirirlər ki, yola yaxın yerdə belə tikinti aparmaq olmaz:

“Bizim yol kənd yoludur. Bu dövlət əhəmiyyətli yol deyil ki, icazə verməsinlər. Biz dövlət əhəmiyyətli yola yaxın dükan tikmirik ki. Qanunlardan da xəbərimiz var. Bizim sadə dolanışığımız üçün tikmək istədiyimi dükan kənd yoluna yaxındır. O yol da dövlət əhəmiyyətli sayılmır. Ancaq icra hakimiyyəti bunu nəzərə almır. Boş və qanunsuz formada bizə icazə vermirlər”.

Mövzu ilə bağlı Tribuna.az-a danışan Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu bildirib ki, şəhid ailələrinə və qazilərə dövlət qayğısı var və hər hansı məmur səlahiyyətlərindən sui-istifadə edərək onları incitməklə, süründürməklə dövlətin maraqlarına zidd addım atmış sayılır.
Hüquq müdafiəçisi hesab edir ki, Şahbuz rayonunda yaranmış problemin aradan qaldırılması üçün Naxçıvanın yeni rəhbərliyi tapşırıq verməlidir:

“Vətənin azadlığı uğrunda döyüşlərdə iştirak etmiş müharibə veteranlarına köməklik göstərmək məmurların borcudur. Onlar bizim təhlükəsiz şəraitdə fəaliyyət göstərməyimiz üçün səngərdə vuruşublar. İndi qazilərin öz mənzil, sadə dolanışıq şəraitini yaxşılaşdırması üçün hər hansı bir addım atırsa, onlara əngəl olmaq yox, kömək göstərmək, dəstək vermək lazımdır”.

X.Teyyublu qeyd edib ki, bəzi yerlərdə kiçik məmurlar özlərini padşah kimi aparır və vətəndaşları dövlətdən narazı salan hərəkətlərə yol verirlər:
“Cənab prezident dəfələrlə xəbərdarlıq edib ki, icra başçıları, vəzifəli şəxslər vətəndaşlarla işləməlidirlər, onların müraciətlərini dinləməlidirlər. Bu günə qədər olarla icra başçısı, vəzifəli şəxs həbs olunub, işdən azad edilib, onların yerinə təyin olunan məmurlara dövlət başçısı tapşırıqlar verib, lakin bi görürük ki, bəzi hallarda bu etimaddan sui-istifadə edənlər olur”.

Xatırladaq ki, məsələ ilə bağlı Şahbuz Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alınıb. Qarşı tərətin mövqeyini dinləməyə hazırıq.


media-728x90banner

Bənzər xəbərlər