media-konul

 

Azərbaycan daha bir nüfuzlu idman tədbirinə yüksək səviyyədə ev sahibliyi etdi. Yarışların keçirilməsində ən yüksək standartlar təmin edildi. Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 ölkənin idmançılarının 23 idman növü üzrə yarışlarda öz məharətini göstərdiyi III MDB Oyunları uğurla başa çatdı.
Son yarış günündə Şəkidə keçirilən bədii gimnastika üzrə mübarizədə idmançılarımız ümumilikdə 6 medal qazandılar.
Bununla da Azərbaycan 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc olmaqla oyunları 184 medalla başa vurdu. Bu, Azərbaycan idmançılarının 2021-ci ildən keçirilən MDB Oyunlarında ən uğurlu göstəricisidir.
Oyunların yüksək səviyyədə təşkili Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da möhkəmləndirdi. Bu möhtəşəm idman tədbirinin uğurla reallaşması ilk növbədə Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğı və diqqətinin nəticəsidir. Dövlət başçısının bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub.
Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə yüksək səviyyəli açılış mərasimi ilə start götürən 3-cü MDB oyunları çərçivəsində Azərbaycanın müxtəlif regionlarında yarışlar təşkil olundu. Ümumiyyətlə, son vaxtlar ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasət paytaxtla yanaşı regionların da sürətli inkişafına təkan verməkdədir. Bir çox beynəlxalq və regional miqyaslı idman tədbirləri bölgələrimizdə keçirilir. Bu, regionlarda beynəlxalq standartlara uyğun idman infrastrukturunun olduğunu bir daha təsdiqləyir.
On bir gün ərzində yarışlar Gəncə, Qəbələ, Göygöl, Mingəçevir, Xankəndi, Yevlax, Şəki də daxil olmaqla 7 şəhərdə yerləşən 12 obyektdə keçirildi ki, bu da gənc idmançıların beynəlxalq səviyyədə hazırlanması baxımından əhəmiyyətlidir.
Təsadüfi deyil ki, hazırda bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da Qarabağ bölgəsi başda olmaqla müxtəlif regionlarda inşası nəzərdə tutulur.
Bu da həm kütləvi idmanın inkişafına, həm də beynəlxalq arenada uğurlar qazanmaq üçün zəmin yaradır.
Ölkəmizdə baş tutan beynəlxalq tədbirlər, o cümlədən nüfuzlu idman tədbirləri həm də Azərbaycan reallıqlarının dünyaya təqdimatı baxımdan vacibdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimində də ideoloji baxımdan vacib mesajlar verildi. Azərbaycanın böyük Qələbəsi başda olmaqla, xalqımızın zəngin mədəniyyəti, dəyərləri də ustalıqla təbliğ olundu. Bu açılış həm də ölkəmizin idman platformasından təqdimatı idi. Eyni zamanda yarışlar çərçivəsində Xankəndi şəhər stadionunda kamandan oxatma yarışları da keçirildi.
İdmançılar və nümayəndə heyətlərinin üzvləri Qarabağın incisi olan qədim Şuşa şəhərində də oldular. Şəhərin tarixi və mədəni məkanları ilə tanış oldular. Azərbaycan mədəniyyətinin beşiyi, görkəmli şairlərin, musiqiçilərin və rəssamların vətəni olan Şuşanın tarixi barədə məlumat verildi.
Beləliklə, III MDB Oyunları həm nüfuzlu idman ölkəsi, həm də qalib ölkə kimi Azərbaycanın təqdimatı oldu.

Könül Nurullayeva

Millət vəkili


media-728x90banner

Bənzər xəbərlər