İlk dəfə Yeni Klinikada HoLEP əməliyyatı həyata keçirilib
Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində prostat vəzin böyük ölçülü adenoması olan pasiyentdə müasir və qapalı üsul – HoLEP (Holmium Lazer Enükleasiyası Proseduru) əməliyyatı uğurla həyata keçirilib.
Yüksək arterial təzyiq və əvvəl keçirilmiş insult anamnezi ilə risk qrupuna daxil olan 67 yaşlı kişi xəstədə müayinələr zamanı prostat vəzində 110 qram həcmində adenoma aşkarlanıb.
Böyük həcm, yanaşı xəstəliklər səbəbilə cərrahi müdaxilə xüsusi diqqət və yüksək təhlükəsizlik standartları tələb edib.
Həkim-anestezioloq-reanimatoloq Fəridə Şamilzadənin iştirakı ilə uzman həkim-uroloq Turan Məmmədəliyev tərəfindən icra olunan əməliyyat zamanı prostat adenoması müasir lazer texnologiyası ilə qapalı üsulla tam şəkildə enükleasiya olunub.
Əməliyyatdan sonrakı dövrü nəzarət altında davam etdirilən pasiyent artıq ambulator müalicə üçün evə yazılıb.
Məlumat üçün bildirək ki, dünyada prostat vəzin xoşxassəli böyüməsinin müalicəsində ən təhlükəsiz və effektiv metodlardan biri hesab olunan HoLEP xüsusilə böyük həcmli prostatlarda yüksək effektivlik göstərir və əməliyyat zamanı minimal qan itkisi ilə müşayiət olunur. Qan durulaşdırıcı preparatlar qəbul edən xəstələr üçün daha təhlükəsiz seçim hesab edilən bu metod, eyni zamanda aşağı ağırlaşma riski və sürətli bərpa prosesi ilə seçilərək pasiyentlərin qısa müddətdə gündəlik həyatına qayıtmasına imkan yaradır.











