İlqar Mahmudov sakinlərlə görüşdü
28 noyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov rayonun Zərdabi və Bağbanlı qəsəbələrində olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov əvvəlcə Zərdabi qəsəbəsinə gələrək uzun illər ərzində qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərlə və qəsəbə ictimaiyyətinin digər nümayəndələri ilə görüşmüş, onlara tezliklə həmin binaların yerində ən müasir tələblərə cavab verən yeni yaşayış binalarının tikiləcəyini, qeyd olunan binalarda yaşayan sakinlərin də təzə tikiləcək binalarda qanunvericiliyin tələblərinə uyğun qaydada mənzillərlə təmin ediləcəyini bildirmiş, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Daha sonra isə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Bağbanlı qəsəbəsinə gedərək burada 16 aprel 2025-ci il tarixdə yağan güclü leysan yağışları nəticəsində evi qəzalı vəziyyətə düşmüş, hazırda isə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni ev tikilməkdə olan qəsəbə sakini Məhərrəmova Zemfira Məhərrəm qızı üçün inşa olunan evdə işlərin gedişi ilə tanış olmuşdur.
Həm Zərdabi qəsəbə sakinləri, həm də qəsəbə sakini Zemfira Məhərrəmova göstərilən yüksək diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova, eləcə də bütün əlaqədar təşkilatların rəhbərlərinə və kollektivlərinə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.
















