İlqar Mahmudov vətəndaşların müraciətlərini həll etdi
Səbətlər kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.
25 noyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Çiçi kənd inzibati ərazi dairəsinin Səbətlər kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmiş, kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə kəndin mərkəzində inşa edilmiş Şəhidlər xatirə kompleksinin və 44 günlük Vətən Müharibəsi şəhidi Tamerlan Səfərovun xatirə bulağının, həmçinin Səbətlər kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Elman Məmmədovun büstünün və təhsil müəssisəsində yaradılmış Şəhidlər xatirə guşəsinin önünə gül dəstələri düzmüşlər.





















