İQTİSADİ İNKİŞAF, REGİONAL İNTEQRASİYA VƏ TÜRK DÜNYASININ GƏLƏCƏYİ
2021-ci il iyunun 15-də Azərbaycanın tarixi və mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, regionun iqtisadi inteqrasiyası, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi və Türk dünyasının birliyinin möhkəmləndirilməsi baxımından da mühüm strateji əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış bu tarixi sənəd siyasi və hərbi əməkdaşlıqla yanaşı, iqtisadi münasibətlərin daha da dərinləşdirilməsini, yeni investisiya imkanlarının yaradılmasını və regional inkişaf layihələrinin həyata keçirilməsini nəzərdə tutur. Şuşa Bəyannaməsi müasir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin iqtisadi əsaslarını daha da möhkəmləndirərək uzunmüddətli inkişaf üçün etibarlı zəmin formalaşdırmışdır. Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq uzun illərdir uğurla davam edir. Enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən birgə layihələr hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verib. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığı daha geniş müstəviyə çıxararaq iqtisadi inteqrasiyanın yeni mərhələsini müəyyənləşdirib.
Bəyannamənin mühüm istiqamətlərindən biri qarşılıqlı investisiya qoyuluşlarının artırılmasıdır. Sənəddə əksini tapan müddəalar göstərir ki, Azərbaycan və Türkiyə gələcəkdə strateji əhəmiyyət daşıyan sahələrdə birgə investisiya layihələrinin həyata keçirilməsinə xüsusi önəm verirlər. Qarşılıqlı sərmayələr yeni istehsal sahələrinin yaradılmasına, məşğulluğun artmasına, ixrac potensialının genişlənməsinə və iqtisadiyyatın şaxələndirilməsinə şərait yaradır.
Şuşa Bəyannaməsinin iqtisadi əhəmiyyətini artıran əsas amillərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində Türkiyənin fəal iştirakıdır. Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində Türkiyə şirkətləri mühüm rol oynayırlar. Bu əməkdaşlıq yalnız infrastruktur layihələri ilə məhdudlaşmır, eyni zamanda sənaye, kənd təsərrüfatı, turizm və xidmət sahələrini də əhatə edir. Şuşa şəhərinin və ətraf ərazilərin turizm potensialının inkişaf etdirilməsi də Bəyannamənin iqtisadi nəticələri sırasında xüsusi yer tutur. Qarabağın zəngin təbiəti, tarixi abidələri və mədəni irsi regionun beynəlxalq turizm mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Azərbaycan və Türkiyə arasında əməkdaşlıq bu potensialın daha səmərəli şəkildə reallaşdırılmasına xidmət edir.
Şuşa Bəyannaməsinin ən mühüm iqtisadi istiqamətlərindən biri nəqliyyat-kommunikasiya layihələrinin inkişafıdır. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı müddəalar regionun gələcək iqtisadi mənzərəsini müəyyən edən əsas amillərdən biridir. Zəngəzur dəhlizinin reallaşması Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyə ilə Türk dünyası arasında birbaşa quru əlaqəsinin formalaşmasına imkan verəcəkdir.
Bu dəhliz yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyır. Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin mühüm hissəsi olan bu marşrut beynəlxalq ticarətin inkişafına, yükdaşımaların sürətlənməsinə və logistika imkanlarının genişlənməsinə mühüm töhfə verəcəkdir. Bu baxımdan Şuşa Bəyannaməsi regionun nəqliyyat xəritəsini dəyişdirəcək strateji sənəd kimi çıxış edir.
Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin həyata keçirilməsi də bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Həmin layihə Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialını artırmaqla yanaşı, beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə və regionun tranzit imkanlarının güclənməsinə şərait yaradacaqdır. Eyni zamanda bu xəttin Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyası Avrasiya məkanında yeni iqtisadi imkanlar formalaşdıracaqdır. Şuşa Bəyannaməsində xarici siyasət sahəsində əməkdaşlığa da xüsusi yer ayrılmışdır. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi davam etdirmək, regional və qlobal problemlərin həllində birgə fəaliyyət göstərmək barədə ortaq mövqe nümayiş etdirirlər. Bu əməkdaşlıq iki ölkənin beynəlxalq nüfuzunun daha da güclənməsinə xidmət edir. Sənədin mühüm istiqamətlərindən biri də diaspor və informasiya sahəsində əməkdaşlıqdır. Xaricdə yaşayan Azərbaycan və türk icmaları arasında əlaqələrin genişləndirilməsi, vahid media platformalarının inkişaf etdirilməsi və informasiya mübadiləsinin gücləndirilməsi Türk dünyasının beynəlxalq müstəvidə daha təsirli mövqe tutmasına imkan yaradır. Şuşa Bəyannaməsinin imzalanmasından sonra hər il Şuşada keçirilən beynəlxalq konfranslar sənədin aktuallığını və strateji əhəmiyyətini bir daha təsdiqləyir. 2022-ci ildən başlayaraq keçirilən tədbirlər Azərbaycan-Türkiyə müttəfiqliyinin regional və qlobal proseslərə təsirini müzakirə etmək üçün mühüm platformaya çevrilmişdir. Bu gün Şuşa Bəyannaməsi təkcə Azərbaycan və Türkiyə münasibətlərinin hüquqi-siyasi bazası deyil, həm də Türk dünyasının gələcək inkişaf strategiyasını müəyyən edən mühüm sənədlərdən biri hesab olunur. Bəyannamə iqtisadi inkişafı sürətləndirən, regional inteqrasiyanı dərinləşdirən, nəqliyyat və enerji layihələrinə yeni imkanlar yaradan, Türk dövlətləri arasında əməkdaşlığı gücləndirən tarixi yol xəritəsidir.
Şuşa Bəyannaməsi gələcəyə hesablanmış strateji sənəd kimi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını təsdiqləyir, regionun inkişafına xidmət edir və Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayır. Bu sənəd gələcək nəsillər üçün də siyasi uzaqgörənliyin, qardaşlığın və müttəfiqliyin parlaq nümunəsi olaraq qalacaqdır.
Şahin Seyidzadə
Milli Məclisin deputatı










