Jalə Əliyeva yazır: Milli həmrəyliyimiz daha da güclənib
Erməni separatizminə son verən antiterror əməliyyatlarından iki il ötür.
2023-cü ildə Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı təkcə hərbi uğurumuz deyil, həm də dövlətçilik tariximizdə strateji dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu əməliyyat 1990-cı illərin əvvəlindən bəri Azərbaycan torpaqlarında fəaliyyət göstərən qanunsuz silahlı dəstələr, qeyri-qanuni hərbi birləşmələr tamamilə ləğv edildi.
Azərbaycan öz suveren hüquqlarını ölkənin bütün ərazilərində bərpa etdi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam nəzarəti təmin etdi.
Digər çox əhəmiyyətli məsələ Qarabağda separatizmə son verilməsidir.
30 ildən çox davam edən separatçı fəaliyyətlər 2023-cü ilin əməliyyatı ilə yekunlaşdı. Qondarma qurum ləğv edildi, onun siyasi və hərbi rəhbərliyi təslim oldu. Bununla Azərbaycan dövləti regionda vahid idarəetməni təmin etdi.
Məhz bu tarixdən etibarən bölgədə yeni siyasi reallıqlar yarandı, Cənubi Qafqazda güc balansı Azərbaycanın xeyrinə dəyişdi, Ermənistan separatçı rejimə dəstək imkanlarını tam itirdi, Azərbaycanın iradəsi ilə bölgədə “postmünaqişə mərhələsi” başlandı.
Antiterror tədbirləri nəticəsində Qarabağda sülhə, sabitliyə və normal həyatın bərpasına real imkan yarandı.
Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün şərait formalaşdı. Azərbaycan xalqının çoxmillətli və tolerant ənənələrinin bölgədə bərpasının təməli qoyuldu. Xalqımızın milli həmrəyliyi daha da gücləndi. Dövlətin qətiyyətli mövqeyi xalq tərəfindən böyük dəstək qazandı.
Bu hadisə gələcək nəsillərə suverenliyin qorunmasının, milli birliyin vacibliyinin canlı nümunəsinə çevrildi. Dövlətimizin beynəlxalq arenadakı mövqeyi möhkəmləndi, reqiondakı əsas söz sahibi rolunu daha da gücləndirdi.
Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müəllifi olduğu, onun dəmir gücü, dönməz iradəsiylə əldə etdiyimiz bütün bu sadalanan, bizə Azərbaycan vətəndaşı, azərbaycanlı olmağın qürurunu yaşadan ölçüyəgəlməz uğurlar, möhtəşəm zəfərlər artıq tarixin silinməz səhifələrinə çevrilib və ölkəmizin bu uğurları, bu zəfərləri əbədi var olacaqdır!
Jalə Əliyeva,
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini