Jalə Əliyeva yazır: Regional İnkişaf və Strateji Tərəfdaşlıq
Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşü:
15–16 noyabr 2025-ci il tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşü keçirildi. Bu sammit reqionun gələcək inkişaf strateqiyasını formalaşdırmaq, ölkələrarası əməkdaşlığı dərinləşdirmək və yeni reqional təşəbbüsləri razılaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Mərkəzi Asiya ölkələri arasında iqtisadi, nəqliyyat, investisiya və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi Görüşün əsas təməlini təşkil edir. Görüşdə nəqliyyat marşrutlarının, ticarət koridorlarının, xüsusilə Orta Koridor konsepsiyasının genişləndirilməsi, sərhəd ticarəti, gömrük prosedurlarının asanlaşdırılması kimi məsələlər müzakirə edildi.
Mərkəzi Asiya liderləri bölgədə sabitliyin qorunması, qarşılıqlı etimadın gücləndirilməsi və reqional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi apardılar. Görüşdə həmçinin əməkdaşlığın prioritet sahələri – investisiya, sənaye, mədəni və humanitar inteqrasiya, rəqəmsal transformasiya məsələləri gündəmə gətirildi.
Bu mötəbər toplantıda Prezident İlham Əliyevin qonaq dövlət başçısı kimi iştirak etməsi Mərkəzi Asiya ölkələrinin Azərbaycana strateji tərəfdaş kimi verdiyi önəmi göstərir. Sammitdə qeyd olundu ki, Mərkəzi Asiya dövlətləri Azərbaycanı “strateji nəqliyyat körpüsü” olaraq görür. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında investisiya portfelinin həcminin artması, xüsusilə Özbəkistanla ikitərəfli layihələrin güclənməsi söylədiklərimizi bir daha isbatlayır.
Ötən gün Özbəkistan mətbuatına verdiyi müsahibədə Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri “tarixi, mədəni və coğrafi baxımdan bir məkan”ı paylaşırlar.
Bu sammit Mərkəzi Asiya dövlətləri arasında daha sıx, strukturlaşdırılmış əməkdaşlıq modelinin qurulmasına xidmət edir. Uzun müddətdir nomadik dialoq formatında olan reqion, indi daha konkret layihələr üzərində razılaşma mərhələsinə keçir.
Mərkəzi Asiya bu gün həm Qərblə, həm uzaq Şərqlə, həm də Rusiya daxil olmaqla reqional güclərlə strateji əlaqələr qurmağa çalışır. Sözügedən Görüş də belə bir balanslaşdırılmış xarici siyasətin tərkib hissəsinə çevrilməkdədir.
Azərbaycanın burada rolu da əhəmiyyətlidir. Belə ki, ölkəmiz Mərkəzi Asiyanın Avropa və Xəzər reqionu ilə əlaqələrinin gücləndirilməsində vasitəçi ola bilər.
Mərkəzi Asiya üçün Orta Koridorun inkişafı çox böyük əhəmiyyət daşıyır. Belə ki, yüklərin Avropaya daha səmərəli daşınması məsələsi prioritetdir.
Görüşdə gömrük, sərhəd ticarəti, rəqəmsal loqistika kimi sahələrin optimallaşdırılması da müzakirə edildi. Bu sahələr üzrə əldə ediləcək razılaşmalar tranzit yükdaşımalarında xərclərin və zaman itkisinin azalmasına kömək edə bilər.
Bölgədə Çinin, Rusiyanın və Qərb güclərinin maraqlarının kəsişdiyi reallıq zəminində Mərkəzi Asiya ölkələrinin öz suverenliyini qoruyaraq fayda götürmək üçün ustalıqla diplomatiya aparmalı olduqları da bir həqiqətdir. Növbəti illərdə Mərkəzi Asiyada iqtisadi zonalar, sərbəst ticarət razılaşmaları və birgə sənaye parkları qurula bilər. Orta Koridor daha da inkişaf etdirilərək Mərkəzi Avropanı, Xəzər reqionunu və Asiyanı daha sıx birləşdirən nəqliyyat şəbəkəsi yarana bilər.
Nəzərə alsaq ki, Mərkəzi Asiya ölkələri zəngin enerji resurslarına malikdirlər, enerji infrastrukturunun birgə qurulması, ixrac potensialının artırılması üzrə yeni təşəbbüslərin irəli sürülməsi də labüddür.
Mərkəzi Asiya ölkələri arasında reqional təhsil və texnologiya mübadiləsi, gənclərin əmək bazarına hazırlanması, rəqəmsal bacarıqların inkişafı sahəsində əməkdaşlıq da perspektuv istiqamətlərdəndir.
Beləliklə, VII Məşvərət Görüşü Daşkənddə Mərkəzi Asiya dövlətləri üçün strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu Görüş, regionda əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın gücləndirilməsi və uzunmüddətli sabitliyin qurulması üçün vacib platformadır. Azərbaycanın da bu formatda rolu artaraq, Mərkəzi Asiyanın nəhəng iqtisadi və geosiyasi xəritəsində daha üstün mövqeyə yüksəkməkdir. Görüşün nəticələri yaxın gələcək üçün nəqliyyat koridorları, investisiya təşəbbüsləri və regional infrastruktur kimi önəmli layihələrə zəmin hazırlamaqdadır.
Jalə Əliyeva
Millət vəkili










