media-jall
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri, təkcə tarixi və mənəvi əhəmiyyəti ilə deyil, eyni zamanda beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ilə də diqqət çəkir. Bu baxımdan, Şuşa Qlobal Forumu müasir dövrün çağırışlarını müzakirə edən, beynəlxalq əməkdaşlığı möhkəmləndirən və dialoqu təşviq edən nüfuzlu bir platforma kimi formalaşmışdır.
Şuşa Qlobal Forumu qlobal miqyasda sülh, təhlükəsizlik, davamlı inkişaf, beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoqu dəstəkləyən bir platformadır. Forumun əsas məqsədi müxtəlif ölkələrdən olan siyasətçiləri, alimləri, jurnalistləri, ictimai xadimləri və gənc liderləri bir araya gətirərək aktual problemləri müzakirə etmək, yeni ideyaların formalaşmasına şərait yaratmaq və beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
Forum Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təşkil edilir və yüksək səviyyəli dövlət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış ekspertlər, ictimai xadimlər bu tədbirdə iştirak edirlər. 2024-cü ildə keçirilən forumda 30-dan çox ölkədən nümayəndə heyətləri iştirak etmiş, müxtəlif panel sessiyalarda dünyanın qarşısında duran çağırışlar – iqlim dəyişikliyi, süni intellektin təsiri, münaqişələrin həlli, gənclərin rolu və informasiya təhlükəsizliyi kimi mövzular müzakirə olunmuşdur.
Forumun məhz Şuşada keçirilməsi simvolik məna daşıyır. Uzun illər işğal altında qalmış bu qədim şəhər Azərbaycan dövlətinin siyasi iradəsi və xalqın əzmi nəticəsində azad olunaraq yenidən dirçəldilir. Şuşada keçirilən beynəlxalq tədbirlər həm Azərbaycanın sülhsevər siyasətinin, həm də regionda sabitliyin bərqərar olmasına verdiyi töhfənin göstəricisidir.
Şuşa Qlobal Forumu bir daha göstərdi ki, Azərbaycan beynəlxalq miqyasda mühüm təşəbbüslərlə çıxış edən və qlobal problemlərin həllində aktiv iştirak edən bir dövlətdir. Bu forum gələcəkdə də mühüm ideyaların müzakirə olunduğu, beynəlxalq əməkdaşlıq üçün vacib imkanlar yaradan bir məkan olaraq qalacaq.
Şuşanın tarixi mirası və çağdaş inkişafı fonunda keçirilən bu forum həm də dünyaya ölkəmizin sülh, əməkdaşlıq və bərpa ruhunu çatdırır. Bu ruh isə XXI əsrin qlobal çağırışlarına cavab vermək üçün ən vacib amillərdən biridir.
Şuşa Qlobal Forumu çərçivəsində Prezident İlham Əliyevin çıxışları və cavabları əlbəttə ki, Forumu bütün dünyanın diqqət mərkəzinə çevirdi. Dövlət başçımız forumda beynəlxalq ictimaiyyətə Azərbaycan dövlətinin sülh, sabitlik, ədalət və beynəlxalq hüquqa əsaslanan siyasətini bir daha çatdırdı.
Böyük Zəfər və postmünaqişə dövrü haqqında danışan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirərək ərazi bütövlüyünü təmin etmişdir. Xüsusilə qeyd olundu ki, Azərbaycan əraziləri işğaldan azad etdikdən sonra Qarabağda suverenliyini tam bərpa edib və orada heç bir separatçı struktur mövcud deyil.
Qarabağ məsələsinin artıq tarixə qobuşduğunu söyləyən Prezident İlham Əliyev vurğuladı ki, münaqişədən sonrakı dövrdə regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranıb və Azərbaycan bu imkanlardan səmərəli istifadə etmək niyyətini ortaya qoyaraq bölgədə davamlı sülhün bərqərar olması üçün çalışır.
Prezident İlham Əliyev Forum iştirakçılarının suallarına cavab olaraq bildirdi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasına sadiqdir və bu istiqamətdə konkret təkliflər irəli sürmüşdür, lakin Ermənistan tərəfi bəzi məqamları gecikdirir. Prezident dedi: “Biz sülhə hazırıq. Sadəcə Ermənistan real və səmimi siyasi iradə nümayiş etdirməlidir. Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlamaq zamanıdır.” O qeyd etdi ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları dəyişdirilməlidir, əks halda davamlı sülhdən danışmaq çətindir:
“Ermənistan nəhayət başa düşməlidir ki, Azərbaycanla sülhə gəlmək onun öz gələcəyi üçün vacibdir.”
Zəngəzur dəhlizi və nəqliyyat əlaqələri
haqqında danışan İlham Əliyev bildirdi ki, əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasını əngəlləsə, Azərbaycan alternativ yollarla öz məqsədinə çatacaq. O dedi:” Zəngəzur dəhlizi bizim üçün siyasi yox, geostrateji və iqtisadi məsələdir. Bu marşrut istənilən halda həyata keçəcək.” Prezifent qeyd etdi ki, Ermənistan özünü tranzit imkanlarından məhrum etməklə təcridə sürükləyir.
Forumda çıxışı zamanı İlham Əliyev beynəlxalq təşkilatların və xüsusilə BMT-nin fəaliyyətsizliyinə toxundu, onların ikili standartlarla çıxış etməsini tənqid etdi. Prezident söylədi ki, “Əgər BMT Təhlükəsizlik Şurası 30 il ərzində qəbul etdiyi qətnamələri icra edə bilmirsə, deməli bu qurumun nüfuzu sual altındadır.”
Rusiyada AZAL təyyarəsinin qəzaya uğraması haqqında danışan
Prezident bu məsələyə xüsusi diqqət çəkdi və Rusiya tərəfinin məsuliyyət daşıdığını açıq şəkildə bildirdi.
O qeyd etdi ki, bu hadisə ilə bağlı Azərbaycan beynəlxalq hüquqi tədbirlər görəcək, lazım gələrsə, məhkəməyə müraciət ediləcək. Prezident dedi: “Bu, adi texniki məsələ deyil. Biz bu işin üzərinə ciddi şəkildə gedəcəyik.”
Forum iştirakçısı gənc liderlərin suallarına cavab verən Prezident İlham Əliyev Azərbaycan gənclərinin dövlət idarəçiliyində, diplomatiyada və texnologiyada artan rolunu vurğuladı: “Gənclər təkcə Azərbaycanın deyil, bütün dünyanın gələcəyidir. Biz gəncləri fəal və düşüncəli vətəndaşlar kimi yetişdirməyə davam edəcəyik.”
Forumda 2024-cü ildə Azərbaycanın COP29-a ev sahibliyi etməsi haqqında danışan prezident İlham Əliyev, bu faktın, Azərbaycanın qlobal ekoloji məsələlərdə də söz sahibliyi etməsinin nümayişinə çevrildiyini, yaşıl enerjiyə keçid və ekoloji tarazlıq məsələlərində qlobal təşəbbüslərlə çıxış etdiyimizi və COP29-un bizim bu sahədə liderliyimizi daha da gücləndirəcəyimizi vurğuladı və dedi ki, “COP29 bizim dünya ilə həmrəyliyimizin göstəricisidir. Azərbaycan iqlim məsələlərində qlobal dialoqun fəal tərəfidir.”
Prezident forumun əsas mövzusu olan “Rəqəmsal keçid və media dayanıqlılığı”na toxunaraq bildirdi ki, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq vacibdir. Azərbaycan hökuməti media savadlılığının artırılması, sosial şəbəkələrin tənzimlənməsi və süni intellektin informasiya yayımında rolu kimi məsələlərə ciddi yanaşır, deyə sözlərinə davam edən dövlət başçımız, “dezinformasiyanın yayılmasında sosial media əsas vasitəyə çevrilib. Bu, təkcə milli yox, qlobal problemdir”, dedi.
Prezident İlham Əliyevin yeni çağırışlara cavab və qlobal dialoq platforması səciyyəsi daşıyan Şuşa Qlobal Forumundakı çıxışları və suallara verdiyi cavablar aydın siyasi vizionun, prinsipial mövqenin və gələcəyə yönəlik strateji baxışın növbəti bariz ifadəsi oldu.
Beynəlxalq arenadakı rolumuzun artdığının təkzibedilməz faktoruna çevrilən Forumda
Azərbaycan, öz rəhbərinin iradəsiylə bir daha bütün dünyaya bəyan etdi ki,
qlobal dialoqda fəal iştirak etməyə davam edəcəkdir, Qarabağ məsələsi artıq tam bağlanmış bir səhifədir,
gələcəkdə sülh, əməkdaşlıq və dayanıqlı inkişaf Azərbaycan diplomatiyasının əsas prioriteti olacaqdır!
Jalə Əliyeva
Millət vəkili
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini

media-728x90banner

Bənzər xəbərlər