media-ulvi
Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan məhəlləsi”nin təntənəli açılışı bir yaşayış kompleksinin istifadəyə verilməsindən daha artıq məna daşıyır – bu, iki dövlətin, bir millətin əbədi dostluğunun, tükənməz qardaşlığının canlı simvoludur. Bu tarixi hadisə hər bir azərbaycanlının və türkün qəlbində sonsuz qürur hissi oyadır.
2023-cü ilin fevralında Türkiyəni sarsıdan dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan xalqı, dövləti və rəhbərliyi bir an belə tərəddüd etmədən qardaş köməyinə çatdı. Yardım karvanları, xilasedicilər, könüllülər – hamımız o acı günlərdə “Biz Kahramanmaraşlıyıq” deyə hayqırdıq.
Bu gün isə həmin qardaşlıq bir daşda, bir divarda, bir evdə təcəssüm edərək “Azərbaycan məhəlləsi” adı ilə tarixə yazıldı. Bu, şəfqətin və sədaqətin abidəsidir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev açılış mərasimində çıxış edərək bu müqəddəs birliyin mənəvi təməlini belə ifadə etdi:
“Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq!”
Bu sözlər sadəcə cümlə deyil – bu, iki millətin qəlbini birləşdirən həqiqətin özüdür.
Ulu Öndər Heydər Əliyev illər öncə söylədiyi müdrik fikirlə bu qardaşlığın mahiyyətini əbədi olaraq tarixə yazmışdı: “Azərbaycan və Türkiyə – bir millət, iki dövlətdir!” Bugünkü reallıq – məhz bu kəlamın canlı sübutudur. Azərbaycan məhəlləsi – acılı günlərin ortaq kədəri və bu günün ortaq sevincidir. Bu layihə bir daha sübut etdi ki, bizim sevincimiz də birdir, kədərimiz də.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dedikləri: “Biz eyni bayrağın kölgəsində dua edən, eyni istiqlal üçün can verən bir millətin iki dövləti, tək ürək daşıyan övladlarıyıq. Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan” kəlamları bu qardaşlığın nə qədər möhkəm təməllər üzərində qurulduğunu və daha da inkişaf etməkdə olduğunu sübut edir.
Bu əlamətdar gündə Allahdan arzumuz odur ki, “bir ananın iki qolu” olan Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını əbədi etsin, daim qorusun!
Bu gün “Azərbaycan məhəlləsi”nin sakinlərinə əmin-amanlıq, firavanlıq və rahat həyat arzulayırıq. Bilirik ki, bu tikililər sadəcə ev deyil – dostluğun divarları, qardaşlığın damı və birliyin təməlidir.
Tarix şahiddir ki, qardaş, qardaş üçün dağ aşar, can verər! Biz bunu 44 günlük Vətən müharibəsi zamanı da gördük, bu gün də şahidi olduq. Azərbaycan məhəlləsinin açılışı – bu qardaşlığın yenidən təsdiqidir!
Bu birlik və sevgi gələcək nəsillər üçün örnək olacaq, tarixə əbədi bir möhür kimi həkk olunacaq.
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!
Yaşasın bir millət – iki dövlət ideyası!
Ülviyyə Həmzəyeva
Milltə vəkili 

media-728x90banner

Bənzər xəbərlər