Kaja Kallasın Bakı mesajı: Azərbaycan regionun açar dövlətidir
“Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallasın Azərbaycana səfəri yalnız ikitərəfli münasibətlərin diplomatik bir elementi kimi deyil, həm də dəyişən geosiyasi reallıqlar fonunda Avropa İttifaqının regionla bağlı yeni strateji yanaşmasının göstəricisi kimi qiymətləndirilməlidir. Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən transformasiyalar – enerji böhranı, nəqliyyat marşrutları uğrunda rəqabət, Şərq-Qərb münasibətlərində artan gərginlik və təhlükəsizlik arxitekturasında yaranan boşluqlar Azərbaycanı Avropa üçün daha əhəmiyyətli aktora çevirib”.
Bu sözləri siyasi şərhçi, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, bu baxımdan Kallasın Bakıya səfəri həm də Avropa İttifaqının Cənubi Qafqaz siyasətində prioritetlərin dəyişdiyini göstərir: “Əgər əvvəlki dövrlərdə region daha çox münaqişə və humanitar prizmadan qiymətləndirilirdisə, indi iqtisadi təhlükəsizlik, enerji dayanıqlılığı və logistika marşrutları əsas gündəm xəttinə çevrilib. Bu vəziyyətin memarı isə şübhəsiz ki, Azərbaycandır. Bu gün Brüssel üçün Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, həm də regionun siyasi və iqtisadi xəritəsində sabitlik yaradan mərkəzlərdən biri kimi qəbul olunur. Əslində Avropa İttifaqı Cənubi Qafqazda yeni geosiyasi balans qurmağa çalışırsa, bunun əsas sütunlarından biri məhz Azərbaycandır. Çünki regionda real təsir imkanları, iqtisadi resursları və strateji bağlantıları olan əsas aktor Bakıdır”.
Siyasi şərhçi bildirib ki, Avropa Parlamentində zaman-zaman Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul olunmasına baxmayaraq, bu sənədlər real siyasi kursa ciddi təsir göstərə bilmir. Bunun əsas səbəblərindən biri Azərbaycanın prinspial beynəlxalq siyasi kursudursa, digəri də Avropa İttifaqının praktiki siyasətini müəyyən edən əsas mərkəzlər – Avropa Komissiyası və Aİ Şurası – Azərbaycanla münasibətlərin qorunmasında maraqlı olmasıdır. Onun sözlərinə görə, Avropa artıq anlayır ki, Cənubi Qafqazda Azərbaycanı nəzərə almadan uzunmüddətli enerji və təhlükəsizlik siyasəti qurmaq mümkün deyil:
“Xüsusilə enerji məsələsində Azərbaycanın rolu artıq “alternativ tərəfdaş” statusundan çıxaraq “strateji enerji təminatçısı” səviyyəsinə yüksəlir. Rusiya qazından asılılığın azaldılması siyasəti fonunda Bakı Avropa üçün etibarlı və siyasi riskləri nisbətən aşağı olan tərəfdaş kimi qəbul edilir. Bu kontekstdə Azərbaycanın yalnız qaz ixrac edən ölkə kimi deyil, həm də Avropanın enerji xəritəsini şaxələndirən geosiyasi mərkəz kimi çıxış etməsi diqqət çəkir.
Diqqət çəkən başqa bir məqam isə odur ki, Avropa uzun illər enerji təhlükəsizliyini əsasən iqtisadi məsələ kimi qiymətləndirirdi. Lakin son böhranlar göstərdi ki, enerji artıq birbaşa milli təhlükəsizlik və siyasi müstəqillik məsələsinə çevrilib. Bu baxımdan Azərbaycanın etibarlı tərəfdaş imici Avropa üçün strateji kapital hesab olunur.
Azərbaycan qazının artıq 10 Avropa ölkəsinə çatdırılması, o cümlədən Almaniya və Avstriya kimi iri iqtisadiyyatlarla enerji əməkdaşlığının genişlənməsi təsadüfi deyil. Bu, həm də Avropanın Azərbaycanla münasibətlərdə uzunmüddətli maraqlarının göstəricisidir”.
Fərid Şahbazlı vurğulayıb ki, digər mühüm məqam nəqliyyat və tranzit məsələsidir. Onun fikirlərinə görə, qlobal ticarət marşrutlarında yaranan risklər, xüsusilə Rusiya üzərindən keçən yolların alternativlərinin axtarılması Orta Dəhlizin əhəmiyyətini ciddi şəkildə artırıb: “Azərbaycan isə bu dəhlizin əsas geosiyasi və logistik mərkəzi hesab olunur. Xəzər hövzəsindən Qara dənizə, oradan isə Avropaya uzanan yeni bağlantılar Brüssel üçün strateji əhəmiyyət daşıyır.
Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin tədricən formalaşması da regionda sabitlik baxımından mühüm amillərdən biridir. Qarşılıqlı iqtisadi maraqların yaranması kommunikasiyaların açılması və regional əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycan enerji sahəsində də region üçün sabitləşdirici rol oynayır. Yaxın Şərqdə baş verən proseslər fonunda regionda enerji təhlükəsizliyi riskləri artsa da, Azərbaycanın formalaşdırdığı enerji balansı Ermənistanın mümkün enerji qıtlığı ilə üzləşməsinin qarşısını alan əsas faktorlardandır. Bu amil Ermənistanda enerji qiymətlərinin sabit qalmasına da dolayısı ilə təsir edir”.
Siyasi şərhçi hesab edir ki, XXI əsrin əsas rəqabəti təkcə enerji resursları uğrunda deyil, həm də marşrutlar uğrundadır. Kim logistika xətlərinə nəzarət edirsə, qlobal iqtisadi proseslərdə də təsir imkanlarını artırır: “Azərbaycanın üstünlüyü isə ondan ibarətdir ki, ölkə həm enerji xəritəsində, həm də nəqliyyat dəhlizlərində paralel şəkildə strateji mövqeyə malikdir.
Postmünaqişə dövründə Bakı sadəcə hərbi qələbənin nəticələrini möhkəmləndirməyə çalışmır, eyni zamanda iqtisadi inteqrasiya və regional əməkdaşlıq modelini təşviq edir. Bu yanaşma Avropa İttifaqının maraqları ilə də üst-üstə düşür. Çünki Brüssel üçün əsas prioritetlərdən biri regionda yeni eskalasiyanın qarşısının alınması və dayanıqlı iqtisadi mühitin formalaşdırılmasıdır”.
Fərid Şahbazlı










