Kartdan-karta köşürmələrə limit qoyuldu
Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyasının (AzFina) ödəniş alətlərinə mədaxil əməliyyatları ilə bağlı tətbiq edəcəyi yeni risk əsaslı yanaşma maliyyə təhlükəsizliyinin artırılması məqsədi daşısa da, bir sıra vətəndaşlar üçün müəyyən çətinliklər yarada bilər.
Bizimesr.media bildirir ki, yeni qaydalara əsasən, hər bir ödəniş aləti üzrə gün ərzində maksimum 5 mədaxil əməliyyatı və ay ərzində ümumilikdə 20 min manatadək mədaxil limiti nəzərdə tutulur. Rəsmi açıqlamada sağlam maliyyə əməliyyatları aparan müştərilər üçün məhdudiyyətlərin tətbiq edilməyəcəyi bildirilsə də, gündəlik həyat və biznes fəaliyyəti zamanı bəzi problemlərin ortaya çıxması istisna edilmir.
Kiçik sahibkarlar çətinliklə üzləşə bilər
Bilirik ki, sosial şəbəkələr, onlayn satış platformaları və çatdırılma xidmətləri vasitəsilə fəaliyyət göstərən kiçik sahibkarların gün ərzində çoxsaylı ödəniş qəbul etməsi adi haldır. Gündə 5 mədaxil limiti bəzi hallarda onların bank tərəfindən əlavə izahat verməsinə və əməliyyatlarının araşdırılmasına səbəb ola bilər.
Həmçinin bir ailədə müxtəlif şəxslərin eyni karta vəsait köçürməsi geniş yayılmış təcrübədir. Valideyn, övlad və ya digər qohumların müxtəlif vaxtlarda etdikləri köçürmələr limitlərə yaxınlaşdıqda əlavə yoxlamalar yarana bilər. Hərçənd ABA yaxın qohumlar arasında köçürmələrin istisna ediləcəyini açıqlayıb, bunun praktik tətbiqi zamanı bankların əlavə sənəd və məlumat tələb etməsi ehtimalı qalır.
Kartdan istifadə imkanları məhdudlaşa bilər
Yeni yanaşmaya əsasən, hər bir hesab üzrə yalnız bir ödəniş alətinin təqdim olunması nəzərdə tutulur. Bu isə eyni hesab üçün əlavə kartlardan istifadə edən ailə üzvləri və ya biznes sahibləri üçün müəyyən narahatlıq yarada bilər. Əlavə kart almaq istəyən şəxslər bunu əsaslandırmalı olacaqlar.
Banklar müştərinin əməliyyatlarını riskli hesab etdikdə və ya limitlərin artırılması tələb olunduqda gəlirin mənbəyini təsdiq edən sənədlər, müqavilələr və digər maliyyə məlumatlarını istəyə bilər. Bu isə xüsusilə sərbəst fəaliyyət göstərən şəxslər, frilanserlər və qeyri-rəsmi gəlir əldə edən insanlar üçün əlavə vaxt itkisinə səbəb ola bilər.
Risk əsaslı nəzarətin gücləndirilməsi bəzi köçürmələrin avtomatik deyil, əlavə yoxlamadan sonra təsdiqlənməsinə gətirib çıxara bilər. Təcili ödənişlər zamanı bu cür gecikmələr vətəndaşlar üçün narahatlıq yarada bilər.










