Keçmiş məmurun şirkəti niyə qara siyahıya salınıb? – Etibarsız təchizatçı oldu
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində fəaliyyət göstərən “8 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin keçmiş direktoru Əliheybət Şirinovun rəhbəri olduğu “Azrtimont” ASC-nin satınalma müsabiqələrində iştirakına qadağa qoyulub.
XALQ xəbər verir ki, “Aztimont” ASC qalib gəldiyi tenderlər üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə etibarsız təchizatçı elan edilib və 30 sentybar 2026-cı ilədək satınalma müsbiqələrində iştirakı yasaqlanıb.
“Aztimont” ASC 28 fevral 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 manatdır. ASC-nin qanuni təmsilçisi Əliheybət Şirnovdur.
ASC-nin adı bir neçə dəfə dəyişdirilib. Şirkət 2011-ci ilədək “Sabirabad Tikinti-23” ASC, 2011-ci ildən 2021-ci ilədək “Azərtikinti-Quraşdırma-Servis-23” ASC, 2021-ci ildə isə “Aztimont” ASC adlandırılıb.
Şirkət 2024-2025-ci illərdə 4 tenderin qalibi seçilib. Tenderləri Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Şamaxı Şəhər üzrə Nümayəndəliyi və Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti keçirib. “Aztimont” ASC bu tenderlər üzrə 24 742 138,01 manatlıq sifariş alıb.
Şirkətin etibarsız təchizatçı elan edilməsi onun qalib gəldiyi tenderlərin ciddi araşdırılmasını şərtləndirir. Hər halda ortada kifayət qədər böyük məbləğ var və onun taleyinə aydınlıq gətirilməlidir.
Yeri gəlmişkən, hazırda “Aztimont” ASC-nin 34 630,67 manat vergi borcu var. Bu borc uzun müddətdir ki, vergi sistemində görünür.
“Aztimont” ASC-nin rəhbəri Əliheybət Şirnova gəlincə, o, 2021-ci ildə “8 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru vəzifəsində çıxarılıb.
O, “Aztimont” ASC-yə 2024-cü ildən rəhbərlik etməyə başlayıb.
Mediada onun haqqında xeyli sayda neqativ materillar yer alılb. Əliheybət Şirinov bəzi materiallarda “tender kralı”, bəzi yazılarda isə biznes imperiyasına sahib şəxs kimi təqdim edilib. O, 2017-ci ildə Bakıda Mikayıl Müşfiqin abidəsinin götürülməsi ilə gündəmə gəlib.
Həmin vaxt bu olay AAYDA-nın rəhbəri Saleh Məmmədovun hədəfə gəlməsinə səbəb olmuşdu. Əliheybət Şirinov da bu hadisənin əsas fiqurantlarından biri idi. Hər halda Saleh Məmmədov bu olaya görə ona xəbərdarlıq etmişdi. Qaynarinfo