media-mes

Ölkə rəhbərinin Kəlbəcər rayonuna səfərini, orda qısa müddət ərzində görülən böyük işləri qürurla izləyirik.
Azərbaycan tarixində Kəlbəcər adı uzun illər ərzində ağrı, itki və həsrət ilə çəkilirdi. 1993-cü ilin aprelində erməni işğalı nəticəsində Kəlbəcər mühasirəyə düşdü, minlərlə insan dədə-baba yurdunu qan içində tərk etməyə məcbur oldu. O dövrdə beynəlxalq ictimaiyyətin biganəliyi, erməni vəhşilikləri, yüzlərlə mülki şəxsin qətlə yetirilməsi xalqımızın yaddaşına ağır bir yara kimi həkk olundu.

Amma illər sonra Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və ardıcıl siyasəti nəticəsində bu tarix dəyişdi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazandı və məhz dövlət başçısının siyasi iradəsi ilə Kəlbəcər rayonu 2020-ci ilin noyabrında bir güllə atılmadan, qan tökülmədən azad edildi. Bu, həm diplomatik qələbə, həm də dövlətimizin gücünün rəmzi idi.

Çox sevindirici haldır ki, bu gün artıq Kəlbəcər işğal dövrünün xarabalıqları ilə deyil, böyük qayıdışın sevinci ilə anılır. Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə olduqları zaman bunun canlı şahidi olduq. Dövlət başçısı Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunda aparılan işlərlə tanış oldu, Murovdağ tunelinin texniki açılışını etdi. Uzunluğu 11,7 kilometr olan bu nəhəng tunel həm mühəndislik möcüzəsi, həm də Kəlbəcərin iqtisadi və turizm potensialına açılan yeni bir qapıdır.

Kəlbəcərdə yeni yaşayış komplekslərinin təməli qoyuldu, park salındı, “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” açıldı, kiçik su elektrik stansiyaları istifadəyə verildi. Bu layihələr bir daha göstərir ki, dövlət təkcə yollar və evlər tikmir, eyni zamanda iqtisadi həyatın əsasını möhkəmləndirir. Ən mühümü isə – artıq doğma yurdlarına qayıdan kəlbəcərlilər yeni evlərinin açarlarını Prezidentin öz əllərindən aldılar.

Kəlbəcərin bu günü və sabahı Azərbaycan dövlətinin gücünü, xalqın iradəsini və qürurunu əks etdirir. Bir vaxtlar erməni vəhşiliyi ilə viran qoyulan bu torpaqlar indi həyatla, işıqlı gələcəklə doludur.

Prezident İlham Əliyevin dediyi kimi: “Biz bu torpaqlara həyat qaytarırıq.” Artıq Kəlbəcər həsrət torpağı deyil, böyük qayıdışın rəmzi, qalib dövlətin quruculuq meydanıdır.
Evinə qayıdan Kəlbəcər sakinlərinə gözaydınlığı verir, təbrik edirəm!

Məşhur Məmmədov,
Millət vəkili


media-728x90banner

Bənzər xəbərlər