Kəmalə Quliyevanın rəhbəri olduğu 260 saylı məktəb niyə nəzarətsiz qalıb?
Patrul.az redaksiyasına daxil olan videogörüntüdə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 128 ünvanında yerləşən İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəbin sanitar qovşağında bir qrup gəncin elektron qəlyan (vape) çəkdiyi açıq şəkildə görünür.
Görüntüdə azyaşlı şəxslərin rahat şəkildə zərərli məhsuldan istifadə etməsi, məktəbdə nəzarət mexanizminin tam iflic vəziyyətdə olduğunu göstərir.
Daha da diqqətçəkəni odur ki, iddialara əsasən, videogörüntüdə məktəbin direktoru Kəmalə Quliyevanın oğlu Fazil Quliyev də yer alır. Mənbələr bildirir ki, həmin şəxslərin heç biri məktəbli forması geyinməyib və hadisə zamanı məktəbin daxilində müəllim və ya nəzarətçi şəxsin iştirakı müşahidə olunmayıb.
Belə hallar, xüsusilə rəhbər şəxsin ailə üzvünün bu cür davranışlarda yer alması, təhsil ocaqlarında tərbiyəvi nəzarətin zəifliyinə və rəhbərliyin məsuliyyətsizliyinə nümunə kimi dəyərləndirilir.
“Təhsil müəssisələrində sağlam mühitin qorunması” prinsipi qanunla təsbit olunsa da, real vəziyyət göstərir ki, bəzi məktəblərdə bu normalar yalnız kağız üzərində qalır. 260 nömrəli məktəbdəki hadisə təkcə bir tərbiyə pozuntusu deyil, həm də sistemli nəzarətsizliyin bariz nümunəsidir.
Qanunvericiliyə görə, məktəblərdə tütün və nikotin məhsullarının istifadəsinə şərait yaratmaq inzibati məsuliyyət doğurur. Təhsil müəssisəsində bu cür hallara göz yumulması isə həm pedaqoji etikanın, həm də dövlət təhsil siyasətinin prinsiplərinə ziddir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.










