“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara çıxarılmasının tənzimlənməsi nəzərdə tutulur. Bu məsələ sosial şəbəkələrdə “evdə hazırlanan məhsullara sertifikat məcburiyyəti gəlir” və “kəndlinin məhsulu bahalaşacaq” kimi müzakirələrə səbəb olsa da, proqramın mahiyyəti bütün ev məhsullarına avtomatik sertifikat tələbi qoyulması deyil. Əsas məqsəd bu sahədə təhlükəsizlik və bazara çıxış mexanizminin formalaşdırılmasıdır.

Xalq.online bildirir ki, xüsusilə konservləşdirilmiş məhsullara nəzarətin gücləndirilməsi qida təhlükəsizliyi baxımından əsaslandırıla bilər. Çünki düzgün hazırlanmadıqda və saxlanmadıqda bu məhsullar sağlamlıq üçün daha ciddi risk yarada bilər. Lakin nəzarət mexanizmi kiçik ailə biznesinin üzərinə ağır maliyyə və bürokratik yük qoyarsa, nəticə əksinə ola bilər. Ailə təsərrüfatları qeydiyyatdan yayınmağa, yaxud fəaliyyətlərini qeyri-rəsmi formada davam etdirməyə çalışa bilərlər.

Ona görə dövlət nəzarəti cərimə və məhdudlaşdırma üzərində deyil, qeydiyyat, maarifləndirmə və dəstək üzərində qurulmalıdır. Ailə təsərrüfatlarının qeydiyyatı sadələşdirilməli, prosedurlar və xərclər minimuma endirilməlidir. Qeydiyyatdan keçən təsərrüfatlara qida təhlükəsizliyi, konservləşdirmə, qablaşdırma və saxlanma qaydaları üzrə praktiki təlimlər verilməli, laboratoriya müayinələri əlçatan və mümkün qədər subsidiyalı olmalıdır.

Bununla yanaşı, qeydiyyata alınmış ailə təsərrüfatları üçün güzəştli mikrokredit mexanizminin yaradılması məqsədəuyğun olardı. Məsələn, 5-8 faizlə kreditlərin verilməsi kəndlinin qablaşdırma, soyuducu, sterilizasiya və digər avadanlıqlar almasına, istehsalını genişləndirməsinə imkan yarada bilər. Beləliklə, dövlət nəzarəti sahibkar üçün yalnız əlavə xərc deyil, biznesini böyütmək imkanı da yaradar.

Burada risk əsaslı yanaşma xüsusilə vacibdir. Bütün ailə təsərrüfatlarına eyni tələblərin tətbiqi düzgün olmaz. Aşağı riskli məhsullar üçün sadə qeydiyyat və minimal tələblər, konservləşdirilmiş və daha yüksək riskli məhsullar üçün isə əlavə təhlükəsizlik prosedurları tətbiq edilə bilər.

Əgər bu model düzgün qurularsa, dövlət nəzarəti kəndlinin məhsulunun qiymətini avtomatik artıran amilə çevrilməz. Əksinə, təhlükəsizliyi təsdiqlənmiş məhsulun marketlərə, yarmarkalara və digər rəsmi satış kanallarına çıxışı genişlənə bilər. Bu da kəndlinin xammalı ucuz satmaq əvəzinə onu emal edib daha yüksək əlavə dəyər əldə etməsinə şərait yaradar.

Deməli, əsas məsələ evdə hazırlanan məhsullara nəzarətin olub-olmaması deyil, həmin nəzarətin necə təşkil edilməsidir. Nəzarət ailə biznesinin qarşısını kəsən mexanizmə çevrilərsə, sosial və iqtisadi problem yarada bilər. Amma qeydiyyat sadələşdirilər, güzəştli maliyyə və texniki dəstək verilər, təhlükəsiz məhsul istehsal edən ailələr üçün bazara çıxış genişləndirilərsə, qida təhlükəsizliyinin gücləndirilməsi eyni zamanda kənddə mikro və ailə bizneslərinin inkişafına da xidmət edə bilər


media-728x90banner

Bənzər xəbərlər