“Kola” zavodunda siçan, çirkli su….
Keçmiş prokurorluq əməkdaşı Müşfiq Abbasov sosial şəbəkə hesabında illər əvvəl Xırdalan ərazisində fəaliyyət göstərən içki istehsalı müəssisələrindən birində baş verən hadisə ilə bağlı paylaşım edib.
XALQ xəbər verir ki, onun sözlərinə görə, Bakı şəhər Prokurorluğunda çalışdığı dövrdə Xırdalanda yerləşən “Kola” şirkətlərindən birinin zavodunda qaz saxlanılan çənlərdən biri partlayıb. Tənzimləmə mexanizminin işləməməsi nəticəsində çəndə təzyiq artıb və partlayış baş verib. Nəticədə çən 2 kilometrdən artıq məsafəni havada qət edərək Bakı–Sumqayıt yolunun üzərindən keçib və yaşayış evlərindən birinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Müşfiq Abbasov bildirir ki, araşdırma çərçivəsində zavodun ərazisinə daxil olarkən gördüyü mənzərə onu ciddi şəkildə sarsıdıb. Onun iddiasına görə, istehsal sahəsində sanitar-gigiyenik normalara əməl olunmayıb:
“Hər yer çirkab içində idi. “Kola” plastik qablarının yuyulduğu su çəninin içərisi palçıq rəngində idi. Zavodun divarlarının dibində siçanlar qaçır, içki qablarının üzərindən keçirdi”.
O, qeyd edib ki, həmin hadisədən sonra qazlı içkilərdən tamamilə imtina edib. Həmçinin, valideynləri övladlarını bu cür içkilərin mümkün zərərləri barədə məlumatlandırmağa çağırıb.
Məsələ ilə bağlı adıçəkilən şirkətin mövqeyini dərc etməyə hazırıq.











